Çempionlar Liqasının 1/4 finalında “Vilyarreal” sensasiya etməyi bacardı.
İspaniyanın bu kiçik klubu nəhəng “Bavariya”nı nokauta göndərdi. “Vilyarreal möcüzəsi”nin qəhrəmanı isə Sem Çukvueze oldu.
Anası evə buraxmırdı
“Bavariya” hesabda öndə idi – 1:0. Qarşılaşmanın başa çatmasına 6 dəqiqə qalırdı. Hər kəs əlavə vaxtın olacağını düşünürdü.
Çünki “Vilyarreal” evdə eyni hesabla qalib gəlmişdi. Bu zaman baş məşqçi Unai Emeri meydana Samuel Çukvuezeni buraxdı.
Nigeriyalı futbolçu meydana daxil olduqdan cəmisi 4 dəqiqə sonra “Bavariya”nı nokauta göndərən qolu vurdu. Və “Vilyarreal” son 16 ildə ilk dəfə ÇL-in yarımfinalına yüksəldi.
Bəs “Bavariya”nı nokauta göndərən qəhrəman kimdir? “Vilyarreal” son dəfə ÇL-in yarımfinalında oynayanda Samuelin 6 yaşı vardı.
Həmin vaxt onun futbola marağı olsa da, valideynləri buna qarşı çıxırdılar. Hətta ona futbol oynamağı da qadağan etmişdilər.
Valideynləri onun təhsil almasını vacib hesab edirdilər. O, həmin günləri belə xatırlayır: “Anam məni evdə qalmağa və dərs oxumağa məcbur edirdi.
Məktəbdə yaxşı oxuyurdum, amma futbola həvəsim vardı. Məşq axşam saatlarında olurdu.
Gec qayıtsam cəzalanacağımı bilirdim, amma yenə də gedirdim. Qayıdanda valideynlərim deyirdilər ki, küçədə yatmalısan, anam məni evə buraxmırdı”.
Amma bu qadağalar da işə yaramırdı. Samuelin əmisi onu futboldan ayırmaq üçün məşq ayaqqabılarını və formasını yandırdı.
Dostları xilas etdilər
Çukvueze qısa müddətə futbolu tərk etdi. Əmisinin aqressivliyi ilə yenidən qarşılaşmaq istəmirdi. Ancaq dostları onun karyerasını xilas etdilər.
Bir səhər uşaqlar qapını döydülər və onu baxışa çağırdılar. İstedadlı uşaqları Portuqaliyadakı turnirə aparmağa hazır olan skautlar Nigeriyaya gəlmişdilər.
"Uşaqlara dedim ki, bu məni maraqlandırmır” – Samuel xatırlayır: “Valideynlərimin məni buraxmayacağını bilirdim. Ancaq dostlarım təslim olmadılar.
Baxış günü səhər mənim yanıma gələcəklərini dedilər. Dedim ki, onsuz da alınmayacaq. Həmin gün səhər saat 6-da onlar qapıda idilər”.
Anasına yuxuda deyiblər ki...
Qapını Samuelin anası açdı. Dostlarını dinləyəndən sonra isə onu oyatdı ki, baxışa yollansın.
Samuel deyir ki, buna inana bilmirmiş, elə zənn edirmiş ki yuxu görür. Sonralar anası etiraf etdi ki, ona yuxuda deyiblər ki, Samuelin futbol oynamasına icazə verməlisən.
Oğlan çox xoşbəxt idi. Daha futbolla məşğul olması üçün valideyn səddi qalmamışdı. Amma macəra bununla bitmirdi.
Məşqçi onu baxışa buraxmadı, bildirdi ki, vaxtında qeydiyyatdan keçməyib. Küçədə dayanıb dostlarının baxışdan qayıtmasını gözləyirdi.
Onu görən akademiyanın meneceri məşqçidən xahiş edir ki, bu uşağı da yoxlasınlar. Meydanda bir-iki dəqiqə olması kifayət etdi. Məşqçi “almaz”ı dərhal gördü.
2019-cu ildə verdiyi müsahibədə deyirdi ki...
Samueli akademiyaya qəbul etdilər. Çox qısa müddətdən sonra o, akademiyanın ən yaxşı bombardiri oldu. Gəclər arasında keçirilən turnirlərdə elə parladı ki...
Ən yaxşı nümunə 2015-ci ildə gənclər arasında keçirilən dünya çempionatıdır. Nigeriya həmin turnirdə qızıl medal qazandı.
Çukvueze 3 qol vurdu, 4 qol ötürməsi etdi. Və Nigeriyanın həmin heyətinin izinə top-klublar düşdü.
Samuel “Porto”, “Sportinq”, PSJ və “Salzburq”un şərtlərinə baxdı, “Arsenal”la danışıqlar apardı, lakin “Vilyarreal”ı seçdi.
2018-ci ilin payızında Sem əsas komandada debüt etdi və dərhal da İspaniya kubokunda qol vurdu. 2019-cu ilin aprelində "Barselona" ilə oyunda bir qol vurdu, bir qol ötürməsi etdi (4:4).
Etiraf edir ki, həmin gecə gözünə yuxu getməyib. 2019-cu ilin payızında “France Football”ın versiyasına görə dünyanın ən yaxşı 5 gənc oyunçusundan biri oldu.
2020-ci ilin qışında isə “Real”, “Çelsi” və “Liverpul” onu almaq istəyirdi. Amma “Vilyarreal” satmadı, nigeriyalının təzminatı isə 100 milyon avroya yüksəldi.
Samuel 2019-cu ildə verdiyi müsahibədə deyirdi ki, bir-neçə ildən sonra karyeramın zirvəsində olacağam. Həmin vaxt yaxınlaşır?
SPORTİNFO.AZ

