Əfsanəvi argentinalı futbolçusu Dieqo Maradonanın ölümü ilə bağlı istintaq başa çatıb.
Sportinfo.az xəbər verir ki, hüquq-mühafizə orqanları mühakimə olunmaq üçün 8 nəfərə qarşı qəsdən adam öldürmə maddəsi ilə ittihamı irəli sürüb.
İttiham olunanlar Maradonanın müalicə həkimi, onunla işləyən psixiatr, eləcə də daha 6 tibb işçisidir. Günahları sübuta yetirilərsə, onları 5 ildən 25 ilə qədər həbs gözləyir.
Polis hesab edir ki, həkimlər səhlənkarlıq və ehtiyatsızlıq ediblər və onların diqqətsizliyi və hərəkətsizliyi ölümlə nəticələnib. Düzgün tibbi müdaxilə ilə bunun qarşısını almaq olardı.
Məhkəmənin vaxtı hələ müəyyən edilməyib. Xatırladaq ki, Maradona 60 yaşında dünyasını dəyişib.
Onun xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödemi nəticəsində dünyasını dəyişdiyi bildirilib.

