De Byazi ilə Obradoviç hardaydı? – Əcnəbilərdən gizlədilən gözəllik

11 Aprel 2022 20:40 Araşdırma 1 069
De Byazi ilə Obradoviç hardaydı? – Əcnəbilərdən gizlədilən gözəllik

Apreli 9-da futbol elitası Şamaxıda idi.

AFFA prezidenti Rövnəq Abdullayev, qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov, yığmanın məşqçiləri Arif Əsədovla Kamran Ağayev.

Qısası, futbolun tanınmış simaları “Şamaxı” – “Neftçi” oyunundakı gözəllikləri seyr etmək üçün bölgəyə səfər etmişdi.

Di gəl, stadionda Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə U-21-in çalışdırıcısı Milan Obradoviçi görmək mümkün olmadı.

Halbuki onların orada olması mütləq idi. Azərbaycan futbolunun yalnız Bakıdakı komandalardan ibarət olmadığını, əsl futbol azarkeşinin kim olduğunu əcnəbilərə göstərmək üçün Şamaxı əyani sübut idi.

De Byazi şənbə günü stadionda yaşananların hal şahidi olandan sonra yaxın gələcəkdə İtaliya mətbuatında fərqli fikirlərə rast gələcəkdir.

“Qorxaq və xaraktersizlər”dən yox, Azərbaycan futbolunda gördüyü gözəllikdən söz açacaqdı. Elə Obradoviç də onun kimi.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan aldığımız bilgiyə görə, baş məşqçilərin heç biri Azərbaycanda olmadığından, “Şamaxı” – “Neftçi” matçında iştirakları mümkün olmayıb.

Martda millinin oyunlarından sonra vətəni İtaliyaya yollanan De Byazi ölkəmizə aprelin 15-dən sonra gələcəksə, Obradoviçin dönüşü aprelin 12-nə nəzərdə tutulub.

AFFA ilə müqaviləsi olan mütəxəssislərin hər ikisi qurumun göstərişinə, müraciətinə, yeri gələndə əmrinə tabedir.

Yəni, AFFA-nın başbilənləri istəsəydi, həmin gün Şamaxıda yaşananları hər iki çalışdırıcıya canlı göstərərdi. Dəqiq desək, göstərməliydi.

Əcnəbilərdən danışırıqsa, onlara verilən pulun qarşılığında həm də təbliğat məsələsi öndə dayanır.

Onsuz da nəticə verə bilmirlər. Heç olmasa gözəllikləri görsünlər, regionlardakı durumla tanış olsunlar.

Yox, AFFA rəhbərləri bölgədəki azarkeşləri onlara göstərib gözlərini açmaq istəmirsə, bu, başqa məsələ. Çox güman ki, belədir.

Ki, De Byazi sabah Azərbaycan futbolunun bərbad durumunda olmasının əsas səbəbi kimi bölgələrin futbolsuz qaldığını deyib, əsas günahkar kimi onları göstərməsin.

Ənəcbilər “Şamaxı” – “Neftçi” oyununda olmalıydı, “Şamaxı” – “Səbail” görüşündə yox!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti