Aprelin 9-da Şamaxıda Azərbaycan Premyer Liqasının oyunu keçirildi.
AFFA “Keşlə”nin adını dəyişib “Şamaxı” etdikdən sonra Bakıdan 120 km məsafədə yerləşən bu rayona böyük futbol qayıtdı.
8 komandalı çempionatda say artmasa da, Bakı klublarından biri azaldı.
AFFA səhvə yol verdiyini anlayıb?
Azərbaycanın potensialı o qədər böyükdür ki, futbol təsərrüfatında 4-5 divizion təşkil etmək, ölkənin bütün bölgələrində komandalar formalaşdırmaq olar. Amma uzun illər Azərbaycan çempionatı “Bakı çempionatı”na sığışdırılıb. Bunun səbəbləri bəllidir: idarəetmədə yol verilən kobud səhvlər, idarəçilərin öz maraqlarını düşünməsi, iş adamlarının futbol təsərrüfatından uzaqlaşması, futbola elmi yanaşmanın olmamağı və bu idman növünün biznesə çevrilə bilməməyi. “Keşlə”nin “Şamaxı” adlanmasını bir çoxları bu cür xarakterizə edir: AFFA səhvlərini başa düşüb və futbolun bölgələrə yayılmasına başlayıb. Amma niyə Şamaxı? Bax bu sual ətrafında təhlil apardıqda, bəlli olur ki, bu addım futbolun şaxələndirilməsinə hesablanmayıb. Əgər hesablanıbsa da, reallaşmasında yenə də səhvə yol verilib.
Dövlət yatırım edir, AFFA necə xərcləyir?
Aydınlaşdıraq. Futbol artıq bütün dünyada biznesdir və elmi yanaşma tələb edir. Bu işlə institutsional iş aparılır. Futbola kor-koranə yatırımı ağlı başında olan heç bir iş adamı etmir. Azərbaycanda futbol təsərrüfatına yatırım qoyan iş adamı yoxdur. Onların, elmi yanşamanın olmadığı, biznesə çevrilə bilməyən bu sahədə nə işi. Ölkədə futbola yatırımı ancaq dövlət edir. Bu vəsait isə AFFA vasitəsilə xərclənir. Bəs AFFA necə xərcləyir? İdmana elmi yanaşma tələb edir ki, ölkənin hər bölgəsinin potensialını müəyyən edəsən. Və aydınlaşdırasan ki, məsələn, boks hansı rayonda, güləş hansı rayonda, futbol hansı bölgədə daha populyardır və potensiala sahibdir. SSRİ vaxtı bu məsələ pis-yaxşı araşdırılırdı. Elə futbolu götürək. “Neftçi” SSRİ çempionatının yüksək liqasında çıxış edirdisə, 2-ci divizionda Azərbaycanı 5 komanda təmsil edirdi. Bu komandalar isə futbol potensialı böyük olan bölgələrin təmsilçiləri idi. Ayrı-ayrı vaxtlarda bu divizionda “Göyəzən” (Qazax), “Kəpəz” (Gəncə), “Avtomobilçi” (Mingəçevir), “Xəzər” (Lənkəran), “Xəzər” (Sumqayıt), Araz” (Naxçıvan), “Qarabağ” (Ağdam) çıxış edib. Yəni ölkənin bütün bölgələri potensiala uyğun olaraq şaxələndirilmişdi.
Müstəqillikdən sonra edilən səhv
Digər idman növlərinə yanaşma da belə idi. Güləşin potensialı hansı bölgədə idisə, orada bu idman növü üçün şərait yaradılırdı. Müstəqillikdən sonra idman sahəsinə belə yanaşma aradan qaldırıldı. Amma əksi olmalı idi. Dünyaya açıldıqdan sonra idman təsərrüfatına elmlə biznesin sintezi də tətbiq edilərək iş görülməli idi. Əvəzində isə tam başqa yol seçildi. Futbol təsərrüfatında danışırıqsa, burada AFFA rəhbərliyinin monopolist siyasəti iş adamlarını bu sahədən uzaqlaşdırdı. Az qala bütün klublar AFFA-nın himayəsinə keçdi və futbol yalnız Bakıda oynanıldı. Bunun fəsadlarını aradan qaldırmaq uzun müddət mümkün olmadı, ya da bunu istəmədilər. İndi isə bıçağın sümüyə dirəndiyini görüb, “Keşlə”nin adını dəyişib “Şamaxı” edirlər. Düzgün qərardır? Bu, futbolun bölgələrə qayıtmasıdır? Bu, futbolun potensialı nəzərə alınaraq ölkə ərazisində şaxələndirilməsidir?
“Qəbələ” nümunəsi ola-ola...
Əgər potensial və şaxələndirmədən söhbət gedirsə, “Keşlə” Şamaxıya yox, məsələn, Lənkərana, Mingəçevirə, Qazaxa, Şirvan şəhərinə, Masallıya, Sabirabada, Bərdəyə, Qusar və ya Qubaya göndərilməli idi. Birincisi, Şirvan bölgəsində elitanı təmsil edən bir komanda – “Qəbələ” var. Qəbələdən 40-50 km kənarda yerləşən Şamaxıda elita komandasının olması şaxələndirmə ilə heç uyğun gəlmir. Elə futbolun potensialını nəzərə alsaq da bu iddianı irəli sürməliyik. “Qəbələ” nümunəsi gözümüzün önündədir. Bu rayonda futbola maraq olduqca azdır. Ola bilsin ki, Qəbələdə güləş və ya cüdo daha populyar olardı. Amma bunu araşdırmaq üçün elmi yanaşma lazım idi. “Qəbələ”də futbol klubunun yaradılması isə elmi araşdırmanın yox, məmurun göstərişi idi.
Eynilə bu rayona qonşu olan Şamaxıya da “Keşlə”nin calaq edilməsi sırf inzibatı amillə bağlıdır. Yox, iddia etmirik ki, Qəbələ və Şamaxıda futbol olmamalıdır. İddia edirik ki, bu proses elmi əsaslarla, potensial nəzərə alınaraq edilməlidir. Yəni yatırım bəhrəsini verməlidir. Əminliklə demək olar ki, Qəbələdə qurulan futbol infrastrukturu Tovuzda qurulsaydı, daha uğurlu olardı. Azərbaycanın hələ SSRİ vaxtından futbol potensialı böyük olan 12-15 rayonu var ki, onların arasında nə Qəbələ olub, nə də Şamaxı.
Mingəçevir, Şirvan kimi şəhərlər elitada yoxdursa...
İkincisi, əgər Şirvan bölgəsində - Qəbələdə elitada çıxış edən bir komanda varsa, onda “Keşlə”ni Şamaxıya göndərmək nəyə lazım idi? Budur şaxələndirmə? Bəlkə “Keşlə”nin adını dəyişib “Kür” edərdilər və Mingəçevirə və ya Qazağa, Lənkərana göndərərdilər. Axı cənub bölgəsinin elitada təmsilçisi yoxdur. Axı böyük potensiala sahib olan Qərb bölgəsi elitadan kənardadır. Şimal bölgəsi də eynən. Mingəçevir, Şirvan kimi şəhərlərdə elita komandası olmaya-olmaya niyə Şamaxı?
Deyə bilərlər ki, orada stadion tikilib, ona görə. Bax, elmi yanaşma burada işə düşməlidir. Yatırım buna uyğun olmalıdır. O stadionu Şirvanda, Masallıda, Qazaxda, Qusarda, Mingəçevirdə tikmək lazım idi. İnfrastruktur potensiala uyğun olaraq salınmalıdır. Əvvəlcə köklü ənənəsi olan rayonlar futbol infrastrukturu ilə təmin edilməli, bundan sonra digərlərində iş görülməlidir.
Şaxələndirmə, yoxsa manipulyasiya?
İndiki halda Şamaxıda futbol üçün tam infrastrukturun olduğunu da iddia edə bilmərik. Orada, sadəcə stadion tikilib. Futbol infrastrukturu isə geniş anlamdır. Uşaq futbolundan tutmuş bazaya qədər. Şamaxıda uşaq futbolunun inkişafı üçün hansı addımlar atılıb? Heç nə? Deməli, bünövrə yoxdur. Bünövrə atılmayıbsa, elitada komanda nəyə və kimə lazımdır? “Keşlə”nin adı dəyişdirilib “Şamaxı” edildi. Bu komanda Şamaxını təmsil edəcək? Yox. Bu komanda yalnız və yalnız oyun keçirmək üçün Şamaxıdakı stadiondan yararlanacaq. Qalan vaxtda isə yenə də Bakıda məskunlaşacaq. Deməli, boğazına bıçaq dirənən AFFA futbolun şaxələndirilməsi üçün ən asan yolu seçib.”Keşlə”ni Bakıya ən yaxın rayona göndərmək, orada 90 dəqiqə qalmaq və dərhal da paytaxta qayıtmaq. Bu, futbolun populyarlaşması, şaxələndirlməsi, bölgələrə yayılması deyil. Bu, manipulyasiyadır.
Natiq Muxtarlı

