Ana südündən körpəyə COVID-19 keçir?

26 Oktyabr 21:50 Araşdırma 417
Ana südündən körpəyə COVID-19 keçir?

“Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür.

Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər.

Eyni zamanda COVID-19 da istisna deyil. Hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar koronavirusun hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur”.

Bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq Emin Haqverdiyev hamilələrin COVID-19-a yoluxması, peyvənd olunmaları və digər sualları cavablandırarkən deyib.

O qeyd edib ki, hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır:

“18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib. Xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib”.

COVID-19-a yoluxmuş anadan körpəyə virusun ana südü ilə keçə bilməsi ehtimalına gəlincə isə həkim bildirib ki, aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə koronavirus keçə bilməz.

Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etməyi tövsiyə edirik.

E. Haqverdiyev, həmçinin əlavə edib ki, hamilə qadınlarda 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanların inkişaf və böyümə mərhələsidir.

İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır.

“COVID-19 peyvəndlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olduğu bütün hallarda COVID-19 peyvəndlərinin istifadəsini tövsiyə edir. Aparılan təcrübələrin nəticələri və COVID-19 peyvəndi tətbiq edildikdən sonra əldə edilən məlumatlar peyvəndin hamiləlikdə zərərli təsirlərinin olmadığını göstərdi. Eynilə, hamiləlik dövründə peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu ortaya qoydu”.

COVID-19 peyvəndinin sonsuzluğa səbəb olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən həkim qeyd edib ki, koronavirus peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də, hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

“Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır”, - deyə həkim əlavə edib.

Gülnar Əliyeva

Xəbər Lenti