"Qarabağ"ın forvardı Redon Cicanı heyətinə qatmaq istəyənlərin sayı get-gedə artır.
Albaniyanın daha bir klubu 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Bu barədə balkanweb.com məlumat yayıb.
Cicanın xidmətində "Eqnatiya" maraqlıdır.
Xəbərdə bildirilib ki, "Eqnatiya"nın qarşıdan gələn qış transfer pəncərəsində almaq istədiyi futbolçulardan biri də Redon Cicadır. Bu komanda hazırda ölkə çempionatında 3-cü yerdədir.
Daha əvvəl isə "Partizani"nin adıçəkilən hücumçunu heyətinə cəlb etmək istədiyini yazılmışdı. "Partizani" indi Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.
Qeyd olunmuşdu ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur.
Bu səbəbdən "Partizani" hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.
Cica bu ay Albaniya mətbuatına verdiyi müsahibədə "Qarabağ"da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda vətəni Albaniyaya qayıdacağını istisna etməyib.
O, bu mövsüm "Qarabağ"da bütün turnirlərdə cəmi 13 oyunda meydana çıxıb və 4 qol vurub.
Cica nə fikirləşir fikirləşsin, burada əsas söz sahibi Qurban Qurbanovdur. Baş məşqçi isə alban legionerin Azərbaycandan ayrılmasına qarşıdır.
Təcrübəli mütəxəssis onun ən azı gələn ilin yayınadək düşərgədə qalmasına tərəfdardır. Çünki Olavio Juninyonun tezliklə düşərgəni tərk etməsi gözlənilir.
«Sevilya»dan təklif alan braziliyalı İspaniyaya yollanmaqdan ötrü demək olar hər gün israr eləyir. Qurbanov belə vəziyyətdə Cicanın da getməsinin komandaya daha ciddi problemlər yaradacağını düşünür.
Əgər Juninyo ilə bağlı son transfer təklifi olmasaydı, o, albaniyalının ölkəsinə dönməsinə razılıq verərdi. İndi durum bir qədər qeyri-müəyyəndir.
Gələn ilin əvvəlində isə Avropa Liqasının Liqa mərhələsinin son 2 turunun matçıları keçiriləcək.
Qurbanovu qayğılandıran da budur - Juninyo ilə Cica ayrılarsa, yerini kimlərlə dolduracaq? Özü də qısa vaxt ərzində…
SPORTİNFO.AZ

