Premyer Liqada birinci yarının başa çatması ilə bağlı yaranmış fasilə futbolçular üçün göydəndüşmə olub.
“Qarabağ”ın əcnəbiləri doğma və əzizlərini görmək üçün Azərbaycanı tərk ediblər.
Lakin heç də hamısı vətənlərinə üz tutmayıb.
Məsələn, Kabo-Verdedən olan Patrik və Leandro Andradelər yaşadıqları Portuqaliyada dincəlirlər.
Uzaq Braziliya və Kolumbiyadan olan Julio Romao ilə Kevin Medina da okeanın o tayına getməyi məqsədəuyğun saymayıblar.
Onlar vaxtilə top qovduqları Portuqaliyada dincəlirlər. Hər iki futbolçunun sözügedən ölkədə mənzilinin olduğunu nəzərə alsaq, planı bu cür qurmaları təsadüf deyil.
Və ən maraqlısı, adları çəkilənlərin Bakıda bir-birini görmələri azmış kimi, Portuqaliyada da bir araya gəlmələridir. Həm də ailə üzvləri ilə birlikdə.
Maraq üçün bildirək ki, “Qarabağ”da istirahət müddəti yanvarın 2-nə qədərdir. Ertəsi kollektiv “Azersun Arena”nın təlim-məşq bazasında bir araya gələcək.
HƏBİB / SPORTİNFO.AZ

