İlin sonu yaxınlaşır deyə, bu dəqiqə futbol ictimaiyyətini maraqlandıran əsas sual 2024-cü ilin ən yaxşı futbolçusunun kim olacağıdır.
Əslində, siyahı elə də geniş deyil.
Söhbət il ərzində, yəni ötən mövsümün ikinci yarısında və cari turnirlərin birinci yarısında sərgilənən oyundan, eləcə də göstərilən məhsuldarlıqdan gedirsə, 12 ayı sabit keçirən iki nəfərdir.
“Qarabağ”ın şərəfini qoruyan Elvin Cəfərquliyevlə Toral Bayramov.
İnsaf naminə, solaxayların hər birinin özünə görə özəllikləri var. Ona görə də seçimlərin ağır keçəcəyi gün kimi aydındır.
Bəs, statistika nə deyir? Hansı bir addım öndədir?
Elvinin göstəricilərinə nəzər salaq:
Premyer Liqa – 26 oyun (1681 dəq), 2 qol, 8 assist
Avrokuboklar – 12 oyun (867 dəq), 1 assist, 2 qırmızı vərəqə
Ölkə kuboku – 6 oyun (513 dəq), 1 assist,
Milli - 9 oyun (749 dəq), sarı vərəqə limitini doldurduğu üçün İsveçlə oyunu buraxıb
Ümumi: 53 oyun (3810 dəq), 2 qol, 10 assist, 2 qırmızı vərəqə
Bu isə Toral Bayramovun rəqəmləri:
Premyer Liqa - 29 oyun (2038 dəq) 12 qol 5 assist
Avrokuboklar - 16 oyun (778 dəq), 3 qol, 2 assist
Ölkə kuboku - 6 oyun (222 dəqiqə), 2 qol, 2 assist
Milli - 10 oyun (782 dəq) 3 qol, 1 assist
Ümumi: 61 oyun (3820 dəq), 20 qol, 10 assist.
Bird aha qeyd edək ki, göstərilən rəqəmlər bu ilin yanvarından dekabra qədər olan müddəti əhatə edir.
Qarşıdakı cəmi 1 oyun (“Araz-Naxçıvan”la) qalsa da, Toral bütün komponentlərdə Elvini üstələyir. Təbii ki, burada Bayramovun tək müdafiənin yox, həm də yarımmüdafiənin cinahlarında şans qazanması əsas rol oynayıb.
Cəfərquliyevi geri salan təkcə rəqəmlər deyil. Həm də il ərzində müşahidə olunan intizamsızlıqdır. “Qarabağ”ın heyətində iki dəfə meydandan qovulub, Azərbaycan millisində isə Estoniya ilə Qəbələdəki qarşılaşmada sarı vərəqə limitini doldurmaqla İsveçlə səfər oyununda iştirak etməmişdi.
Görürnən odur ki, il ərzində hücumçulara xas məhsuldarlıq sərgiləyərək 20 qol vurub, 10 məhsuldar ötürmənin müəllifi olan Toral Bayramov hazırda “nömrə 1”dir. Görək futbol ictimaiyyətinin proqnozu necə olacaq.
Toral Bayramovla bu yöndə müsahibəmiz:
- “Qarabağ” üçün başa çatmaqda olan ili necə dəyərləndirirsən?
- Fikrimcə, bizim üçün ağır il oldu. Çox sıx qrafikdə oynamağımıza baxmayaraq, ili xoş notda başa vurmaq üçün əlimizdən gələni edirdik. Cari Avropa Liqasında nəticə baxımından yaxşı təsir bağışlamasaq da, ötən ilki nəticələri uğurlu hesab edirəm. Çempion olduq, kuboku qazandıq, qrup mərhələsində iştirak edirik. 2025-ci ildə davamını gətirməyə çalışacağıq.
- 2024 sənin üçün necə keçdi?
- Öz oyunuma qiymət verməyi xoşlamıram. Bu suala kənardan baxanlar daha yaxşı cavab verə bilər.
- Razı qalmamağın üçün əsas var?
- Nə qədər yaxşı oynasam da, heç vaxt özümdən razı qalmıram. Bilirəm ki, indiki yaxşıdan daha yaxşı ola bilərəm. Üzərində işləməli olduğum çox şeylər var.
- İl ərzində neçə oyuna çıxdığını bilirsən?
- Bilirəm.
- Neçə?
- “Araz-Naxçıvan”la matç 62-ci oldu.
- Neçə qol vurmusan?
- Səhv etmirəmsə, 8 qol “Qarabağ”dadır, 2 qol də millidə.
- Bu, cari mövsümün göstəricisidir. Ümumi ili soruşuram.
- Onu bilmirəm, açığı.
- 20 qol.
- (gülür)
- Və 10 assist.
- Sayı dəqiq bilmirdim.
- Əsasən müdafiədə, bəzən yarımmüdafiədə oynayan biri üçün il ərzində 20 qol, 10 məhsuldar ötürmə əla göstəricidir?
- Nə bilim, vallah. Yəqin ki, yaxşı saymaq olar.
- 2024-cü ilin ən yaxşı futbolçusu qismində kimi namizəd görürsən?
- Bu barədə fikir bildirməyim düzgün olmaz. Düşünməmişəm deyə, nəsə deyə bilmərəm.
- Sən ola bilərsən?
- Bəlkə də.
- Elvin Cəfərquliyev müsahibəsində özünü ən yaxşı görmədiyini bildirib.
- O da ola bilər. Hər bir azərbaycanlı ən yaxşı seçilə bilər. İnsanların seçimindən asılıdır.
HƏBİB ASLANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

