
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"ni çalışdıran həmkarı Lorentsiu Regekampfın açıqlamasına adekvat hərəkət edib.
Əvvəlcə onu yada salaq ki, son Azərbaycan çempionu martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Qurbanov mətbuata açıqlamasında bildirmişdi ki, İstanbul təmsilçisi ilə oyun üçün Premyer Liqanın digər komandalarından futbolçu götürə bilərlər.
Səbəb onlara məxsus əksər oyunçuların millilərə dəvət alması və düşərgədə say azlığının əmələ gəlməsidir. Zədəlilərin olmasını da nəzərə alsaq, durumun ciddiliyi gözlər önünə sərilmiş olur.
Regekampf "Kəpəz"lə oyundan sonra (2:2) mətbuat konfransında açıq-aşkar "Qarabağ"dan olan həmkarının təklifinə qarşı çıxıb. Rumıniyalı heç bir oyunçusunu Qurbanovun sərəncamına vermək fikrində olmadığını dilə gətirib.
Əlbəttə, Qurbanov Regenin söylədiklərindən xəbər tutub və bu, ona pis gəlib.Zədədən yeni qayıtdığı üçün milli komandaya dəvət olunmayacağını ehtimal etdiyi Eddi İsrafilov və Ömər Buludovu "Qatasaray"la oyun dəvət etməyi düşünən təcrübəli mütəxəssis rumıniyalının sözündən sonra fikrindən daşınıb.
"Neftçi"nin idarəçilərindən daha üst səviyyədə qərar tutan şəxslər "biz sizə kömək etməyə hazırıq" mesajı göndərsə də, Qurban bəy yenə öncəki niyyətinə qayıtmayıb, qarşı tərəfə müraciət etməyib.
SPORTİNFO.AZ