"Neftçi"nin bu dəfə baş məşqçi sarıdan bəxti heç gətirməyib.
Belə ki, Regekampfın nə nəticə olaraq, nə də oyun olaraq "ağ qaralar"a verdiyi müsbət nəsə yoxdur.
Nəticə olanda oyun heç yada düşmür. Nəticə olmayanda da bəzən yaxşı oyun elementləri gələcəyə ümid verir. İndiki "Neftçi"də bunun heç biri yoxdur.
Yaranmış durumun tək günahkarı təbii ki, baş məşqçidir. Paytaxt klubunun bəxti birinci o sarıdan gətirməyib ki, belə fərəsətsiz, bacarıqsız birinin əlinə düşüb.
Kimsə əvvəlki nəticələrindən danışmağa çalışmasın. Siz dünəndən, mən isə bu gün canlı gördüklərimdən danışıram.
Sabah ölkə kubokunu qazansa, getdiyi yerdə də Regekampf üçün həmin kubokdan danışacaqlar. Lakin araşdıran olmayacaq ki, özündən zəif "Zirə"ni, 5-6 ay əvvəl sıfırdan yığılan "Turan"ın necə keçib finala çıxıb.
"Neftçi" adına Regekampfla bağlı ikinci bədbəxtçilik də ondan ibarətdir ki, o, eqaistdir. Səhvlərinə kor olur. Və bütün fikri, məqsədi özünə "Neftçi"də daha uzunmüddətli gələcək hazırlamaqdır.
Gah azarkeşləri sakitləşdirəcək fikirlər səsləndirir, gah rəhbərliyə ümid verməyə çalışır. Bir sözlə, nala-mıxa vura-vura Azərbaycanın ən köklü klubunda firavan ömür sürür.
Səbr desən yerində, pul desən cibində. Nə ciddi azarkeş təzyiqi hiss edir, nə də rəhbərlikdən "qulaqburması" görür.
Əvvəllər yenə tez-tez istefa şuarı eşidərdik. İndi nə hikmətdisə, onun da səsi qulağımıza gəlmir.
Belədə adamın rumıniyalını da qınamağa dili gəlmir vallah...
XANOĞLAN İMANOV

