“Neftçi”dəki ən TƏHLÜKƏLİ ADAM

10 May 2023 20:40 Neftçi 2 424
“Neftçi”dəki ən TƏHLÜKƏLİ ADAM

“Neftçi”nin ötən bazar Tovuz səfərində darmadağın olması klub tarixinə növbəti qara səhifə kimi yazıldı.

“Ağ-qaralar”ın “Turan Tovuz”a 0:4 hesabla uduzmasından sonra futbolçular və klub rəhbərliyi şokda idi. Bıçaq batırsan, qanları çıxmazdı.

O an Laurentsiu Regekampf özünü itirməməliydi. Qısa müddətdə jurnalistlərin vasitəsi ilə ictimaiyyətə özünəbəraət mesajları göndərməli, yerli publikaya peşmanlıq görünüşü verməli, klub rəhbərliyinə nağıllar danışmalıydı.

Demək olar hamısının öhdəsindən bacarıqla gəldi.

Hakimin final fitindən dərhal sonra hamının meydanın mərkəzinə yaxın yerə yığdı. Məğlubiyyətdən sonra “Neftçi”nin ifasında ilk dəfə belə halla rastlaşırdıq.

Camiə görkəmi yaratmaqla dairə formalaşdırıb, “kişinin başına iş gələr” mesajını verdi.

Ki, işdir də, oldu, bundan sonra olmaz. Yəni kollektivin meydanın mərkəzində toplaşmasının başqa səbəbi ola bilməzdi. Onsuz da oyundan sonra iclas da olur, təhlil də aparılır. Ona nə gərək vardı?

Ardınca mətbuat konfransına gəldi. Kameralar və mikrofonlar önündə elə əzilib-büzülürdü ki, guya bundan utancaq, bundan peşan adam yoxdur.

Nəticədən utandığını dedi, heyətin kasadlığından, itkilərdən danışdı, kubokun finalını işarə verib gələn mövsümdən söz açdı. Ancaq bir dəfə də olsun “bu nəticəyə görə istefa verib gedə bilərəm” demədi. Ümumiyyətlə, getməklə bağlı heç nə demədi.

Ölkənin ən nüfuzlu iki komandasından biri olan “Neftçi” çempionluq mübarizəsində “Qarabağ”a məğlub olub, ikincilik yarışında “Sabah”a boyun əydi.

Ölkə kubokundakı durumu da ürəkaçan deyil. Finala yüksəlmək üçün öncəki rəqibləri güc-bəla ilə keçiblər. Həlledici oyundakı rəqib isə son vaxtlar formada olan “Qəbələ”dir.

“Neftçi” uçurumun bir addımlığındadır. Ayağının biri sallaq qalıb. Quyuya yuvarlanmaq üçün himə bənddir.

Lakin hiyləgər rumın dünəni unutdurmağa çalışmaqla xoş gələcək vəd edir. Daha 1 il, yəni müqaviləsinin sonuna qədər qalıb işləmək arzusundadır. Yoxsa ölkə xaricində kimdir ona güvənən?

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!