Emin Mahmudov böyük futbolçudur. Təbii ki, Azərbaycan çapında.
Kuboklar qazanmağı, çempionluqlar yaşamağı haqq edir.
Amma illərdi şərəfini qoruduğu "Neftçi"də haqqı olanlara qovuşa bilmir.
"Ağ qaralar"ın şərəfini qoruduğu 6 ildə cəmi 1 çempionluq yaşayıb. Azdı, həm də çox az.
Bu gün "Neftçi" liderdən də yox, ikinci pillədə qərarlaşan "Sabah"dan nə az, nə çox 16 xal geridə qalır.
Ötən yay heyəti formalaşdırılan "Turan" indi onun komandasının qapısına 4 cavabsız qol vurur.
Rəqib azarkeşləri alqışlamağa məcbur qoyur.
Yayda yığılan komandanı yazda udub finala çıxmağı Mahmudov uğur kimi "yeyə" bilməz.
Onun yeni müqavilə təklifinə hələ də "yox" deməsi elə məhz yuxarıdakı məqamlarla bağlıdır.
Bizim tanıdığımız Emin nə pul hərisidir, nə də əlavə şan-şöhrət.
Sadəcə, şərəfini qoruduğu komandasının iddialı olmasını, dəfələrlə özündən büdcə və heyət baxımından zəif olan rəqiblər önündə əzilməməsini istəyir.
Onu sevimli komandasından ayrı salmaq təhlükəsi ilə üz-üzə qoyan əsas məqam da budur.
Məncə, bütün çalarları ilə yanaşma haqqlıdır. Elə ayrılıq qərarında qəti mövqeyini sona kimi davam etdirsə də.
32 yaşlı futbolçu həm də mənəvi olaraq "Neftçi"yə bağlıdır. "Neftçi"nin çəkisini, rənglərinin dəyərini bilən azsaylı futbolçulardandır. Tərəddüd etməyin kökündə duran əsas məsələ budur.
Emin ayrılmaq qərarını versə haqqlıdır, mənəvi hissləri üstün tutub qalsa isə ən azı alqışı haqq edir.
Bir sözlə, işin hər iki üzü Emin Mahmudovun xeyrinədir. Qalır, iki xeyirdən biri seçmək.
XANOĞLAN İMANOV

