"Neftçi" bu pulu bir hücumçuya ödəyir, onlar bütöv komandaya

8 May 2023 21:00 Neftçi 3 276
"Neftçi" bu pulu bir hücumçuya ödəyir, onlar bütöv komandaya

Lorentsiu Regekampf bugündən sonra «Neftçi»də qalsa…

Demək ki, klub rəhbərliyi ilə nəsə bir gizli anlaşmaya gedib.

«Neftçi» Premyer Liqada sona gəlib. Bundan belə, turnir cədvəlində nə yuxarı qalxacaq, nə aşağı enəcək.

Üçüncü yerdə qalacaqlar. «Qarabağ»la «Sabah»ın gerisində yəni.

Bu, Regeni narahat etmir. Rumın son həftələrdə verdiyi bütün açıqlamalardan yalnız kubokdan, mövsümü kubokla başa vurmaqdan danışır.

Sözünün əvvəli də, axırı da budur.

O. «Neftçi»ni düşünmür. Qətiyyən düşünmür. Rege, sadəcə, özünü fikirləşir. SV-sinə titul yazmaq üçün.

Bu, rumıniyalıya başqa bir təklif alması, Azərbaycanda uğur qazanmasını göstərməsi üçün lazımdır. Ərəblərə, yaxud ölkəsindəki klublara desin ki, baxın, getdim, orada da nəticə əldə elədim.

Day kim nə biləcək ki, «Neftçi» onun rəhbərliyi altında bərbad oyun sərgiləyib, futbolçuların, medianın, azarkeşlərin güclü antipatiyasını qazanıb. Azərbaycan çempionatı ilə qıraqda kimdir maraqlanan?

«Turan Tovuz»a 0:4 hesabıyla uduzmaq «Neftçi» adına növbəti qara səhifə, böyuk utancverici hadisədir.

Rege üzr istəyib? Hə, nə olsun..? Yüz üzr bir borcu ödəmir.

İstəyir səhərədək diz çöküb yalvarsın, «Neftçi» fanatından bağışlanma istəsin. Ona inanmaq və güvənmək olmaz!

Rumıniyalı qış fasiləsində «Neftçi»yə ən bahalı legioneri gətirib. Mateus Saldanya 450 min avroya başa gəlib.

Bu məbləğin 350 mini braziliyalıya görə ödənilib. Qalanı da müqavilə ilə məxsus olduğu Yaponiya klubuna.

Saldanyanın birillik icarə pulu «Turan Tovuz»un bütün futbolçularının mövsümlük qazancı qədərdir.

Dəhşətdir e, bu! Premyer Liqanın debütantı «Neftçi»nin bir legonerə verdiyi məbləğə bütöv bir komanda formalaşdırıb.

Məsələnin mənəvi tərəfinə gələk. «Neftçi» 9 ildən sonra Premyer Liqaya dönmüş və yeganə vəzifəsi burada qalmaq olan «Turan Tovuz»a uduza bilər.

Amma və lakin 0:4 hesabıyla yox! Bu, «Neftçi»də çalışan idarəçi personalın, məşqçinin, futbolçunun ağ-qara rənglərə hörmətsizliyidir.

Hamısı istefa verməlidir. Regeni «Neftçi»yə pərçim edənlər də, indinin özündə arxasında dayananlar da. Allah bilir, aralarında nə sövdələşmə var.

Kim qazanır, nə qədər qazanır, deyəmmərik. Sadəcə, görürük ki, vecsiz Regenin fəaliyyətindən itirən «Neftçi»dir, bu klubun azarkeşidir.

Təəssüf, rəhbər şəxslər ta bu fanat ordusunu da saymır, ünvanına yönəlik tənqidləri, iradları qulaqardına vurur.

Özlərini yenə güclü, «Neftçi» tərəfdarını zəif sayırlar.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!