“Cərimələrin bu dərəcədə ağır olması bizi narahat edir.
Klub rəhbərliyi məlum məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəsmiləri ilə müzakirə aparıb”.
“Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a AFFA İntizam Komitəsinin “ağ-qaralar”a kəsdiyi cərimələrlə bağlı danışıb.
Paytaxt təmsilçisi “Turan Tovuz”la kubok, “Qarabağ”la çempionat oyununda yaşananlara görə 20800 manat məbləğində cərimələnib.
Tərcüməçi Vüqar Əliyevin qeyri-etik jesti, azarkeşlərin meydana daxil olması, tribunalarda səsləndirilən söyüşlər “Neftçi”nin məlum sanksiya ilə üzləşməsinə səbəb olub.
Klubun sözçüsü
“PFL rəsmiləri cərimələrin yüksək olması ilə bağlı fikrimizlə razıdır. Məsələn, oyundan sonra “Qarabağ” azarkeşləri ilə qələbəni qeyd edir.
Həmin an azyaşlı azarkeş məhəccərlərin arasından sürüşərək meydana daxil olur. Buna görə cərimə yazılır və məbləğ də 4000 manat.
İkinci məsələ azarkeşlərin təhqiredici ifadələrdən istifadə etməsi ilə bağlıdır. Klub olaraq kütlənin ağzını bağlaya bilmərik.
“Qarabağ” azarkeşləri “Neftçi” azarkeşlərinin ünvanına xoş iolmayan ifadələr işlədir, “Neftçi” azarkeşləri də “Qarabağ” fanatlarının ünvanına.
Bu, dünyanın hər yerində belədir. Avropanın bəzi ölkələrində bunun betəri yaşanır.
Bəli, akkreditasiyasız şəxsin qadağan olunmuş yerdə görünməsi bizim yol verdiyimiz boşluqdur.
Oyun başa çatandan sonra futbolçumuzun yaxını komanda üzvlərini finala yüksəlməsi münasibəti ilə təbrik etmək üçün paltardəyişmə otağına tərəf yaxınlaşıb. Daha doğrusu, həmin əraziyə daxil olmaq üçün qapının yanında dayanıb.
AFFA nümayəndələri və İntizam Komitəsinin üzvləri bəzi nüansları nəzərə almalıdır. Bizdə cərimələrin məbləği çox yüksəkdir.
Dediyim kimi, söyüşə görə klub 4000 manat cərimələnir. Bu məbləğ klubda bəlkə də 10-a yaxın şəxsin maaşıdır”.
HƏBİB

