2 gün əvvəl AFFA-nın İntizam Komitəsinin iclası keçirildi. İclasda ən çox cərimələnən klub "Neftçi” oldu.
Bakılıların həm ölkə kubokunun yarımfinalında "Turan Tovuz”la, həm də Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ”la matçdan sonra aldıqları cərimənin ümumilikdə məbləği 20800 manat oldu.
Bundan narazılığını dilə gətirən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev mətbuata sərt açıqlaması ilə yadda qalıb.
O, xüsusi ilə azarkeşlərin kütləvi təhqirinə görə verilən 4000 min manat cəriməni absurd hesab edib.
Sitat: "Kimsə gəlib stadionda söyüş söyəcək, hər dəfə klub cərimələnəcək? Absurd bir qərardır. Mən kütləyə necə cavabdeh ola bilərəm? Əvvəlcə bu məsələ tənzimlənməlidir. 4000 manat cərimə qərarı nəyin əsasında verilib? Pul yerə tökülüb ki, hər oyun bu qədər cərimə verilir? 4000 manat "Neftçi”də 8-10 işçinin maaşıdır”.
Allahverdiyevin iradları bağlı AFFA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun rəhbəri Firuz Abdulla klub rəsmisinin narazılığına cavab olaraq bunları dedi:
"İntizam Komitəsi intizam qaydalarına əsasən qərar qəbul edir. İntizam qaydalarında nəzərdə tutulmayan hər hansı məsələ ilə bağlı İntizam Komitəsinin cəza və ya cərimə tətbiq etmək səlahiyyətləri yoxdur.
Əsasnamədə var, ona da istinad edilərək qərar qəbul olunur".
XANOĞLAN / SPORTİNFO.AZ

