AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı neqativ hallara görə klubları cəzalandırıb.
Ən böyük sanksiya “Neftçi”nin tərcüməçisi Vüqar Əliyevə verilib.
O, “Turan Tovuz”la matçın 90+8-ci dəqiqəsində qonaqların rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə Azərbaycan Kubokunda 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu davranış klubu da 4000 manat ziyana salıb.
“Neftçi” – “Turan Tovuz” matçının sonlarına yaxın əsəblər gərilmişdi.
Ev sahiblərinin qol istəyinə çata bilməməsi, qonaqların isə mərhələ adlamaq üçün böyük qüvvə ilə müdafiə olunaraq bəzi anlarda vaxta “işləməsi” “ağ-qaralar”ın ürəyincə deyildi.
Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qoldan sonra ara qarışdı, məzhəb itdi. Və həmin an Vüqar Əliyev “Turan Tovuz”un ehtiyat oyunçular skamyasının qarşısından qaçaraq keçərkən kiməsə barmaq və əl hərəkətləri etdi.
Dördüncü hakim İnqilab Məmmədov baş hakimdən klub rəsmisinin texniki zonadan qovulmasını istədi ki, tərcüməçi oradan uzaqlaşdırıldı.
Vüqar Əliyev Sportinfo.az-a açıqlamasında məlum olayın hansı səbəbdən baş verdiyini deyib:
“Oyunun sonlarına yaxın “Turan Tovuz” açıq-aşkar vaxt uzatmağa çalışırdı. Yerə yıxılır, topu meydandan kənarlaşdırırdılar.
Məşqçilərdən biri mənə dedi ki, futbolçulara de, aut zamanı topu rəqibə verməsinlər, oyuna davam etsinlər. Mən də həmin sözləri tərcümə edərək futbolçulara çatdırdım.
Həmin an “Turan Tovuz”un fiziki hazırlıq üzrə məşqçisi - səhv etmirəmsə, türkdür - bizim tərəfə baxaraq jest etdi, dodağının altında danışmağa başladı.
Məsafə uzaq idi deyə, nə dediyini tam eşidə bilmədim.
O epizoddan sonra hesabı açdıq və mən qolu qeyd etmək üçün futbolçularımızın yanına qaçdım. Geri qayıdanda həmin şəxsi gördüm və əl hərəkətlərimlə “indi də vaxt uzadın da” jestini etdim.
Etdiyim jest sırf bununla bağlı idi. Orada hansısa təhqirdən söhbət gedə bilməz. Sözüm fiziki hazırlıq üzrə məşqçilərinə idi, başqa heç kimə”.
İlk oyunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Neftçi” cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Vüqar Əliyev iyunun 3-dəki həlledici matçda texniki zonada yer ala bilməyəcək.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

