«Bizdə məlumat var ki, bu oyundan sonra bəzi futbolçularımızdan AFFA-ya şikayət olunub».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin idman direktoru Zaur Əzizov deyib.
O, «Turan Tovuz»la kubokun yarımfinal mərhələsinin cavab matçının (2:0) ardından federasiyaya müxtəlif informasiyaların göndərildiyini bildirib:
«Təkcə Vojislav Stankoviçin deyil, İvan Brkiçin də qələbə sevincini qeyd etdiyi görüntülər AFFA-ya təqdim olunub.
Bildirilib ki, guya bizim futbolçular rəqibə və onların azarkeşlərinə qarşı qeyri-etik hərəkətlərə yol verib. Bunların heç bir əsası yoxdur.
Düşünürəm ki, artıq həmin oyunu unutmaq lazımdır. Çünki biz Tovuzda ilk oyunu uduzanda «Turan» rəhbərliyini təbrik elədik. Burada isə onlara uğurlar arzuladıq.
Yaxşı olar ki, hər iki komanda bundan sonra bütün fikrini qarşıdakı çempionat oyunlarına versin».

