Lorentsiu Regekamfpin «Neftçi»dəki taleyi iyunun 3-də müəyyənləşəcək.
Xeyli müddətdir kluarlarda dolaşan, bir-birini təkzib edən bütün qaranlıq sualların dəqiq cavabı həmin gün məlum olacaq.
Kubokun finalında «Qəbələ»yə qalib gəlməsələr, rumıni göz yaşları içində ölkəsinə yola salacaqlar.
İdman direktoru Zaur Əzizovun saytımıza son açıqlamasından mən belə başa düşdüm. Onu da anladım ki, Əzizov Regedən əlini üzüb, özünün gətirmədiyi bu kadrla əməkdaşlığın uzanmasından narahatdır, heç bir perspektiv görmür.
Yanlış mövqedədirmi? Əsla! Əzizov ayıq funksionerdir, quşu gözündən vurandır.
Getdiyi yerin havasından dəqiq müəyyən edə bilir ki, burada külək hansı istiqamətdə əsir. Və ya 1 saat sonra nələr olacaq, hava daha soyuyacaq, yoxsa isinəcək.
Milli Hidrometeorologiya Xidmətində çalışanlara belə, məsləhət verə biləcək qədər təcrübəlidir. SOCAR-da əyləşən bəylər gərək onunla hesablaşsın, rəyini nəzərə alsın.
Əks halda, ad onundur, dad başqalarının. Nəticələrə görə məsuliyyət həqiqətən idman direktorunun üzərində olsaydı, yüz faiz əminəm, o, belə kal məşqçi və vecsiz futbolçu heyəti ilə mövsümə başlamazdı.
Sezon ərzində dörd dəfə üz-üzə gəldiyin «Qarabağ»dan üç məğlubiyyət alan Regeni tanıdığımız Zaur Əzizov elə dünən axşam, derbidən dəqiqələr sonra istefaya yollayar, üzünə də baxmazdı.
Etmir, dinmir, sakit qalır. Deməli, dəvədən böyük fil var ki, əlini baş məşqçiyə bulamır.
MUSA

