«Neftçi»nin prezidenti Kamran Quliyev futbolçuların xahişini yerə salmayıb.
O, ölkə kubokunda finala vəsiqə qazanan komandanı böyük məbləğdə mükafatlandırıb.
Belə ki, «Turan Tovuz»la yarımfinal oyunlarında meydana çıxmış əsas heyət üzvlərinin hər birinə 10 min manat (nəzərdə tutulandan iki dəfə çox) ödənilməsinə razılaşıb.
Bundan öncə «Neftçi»nin yarımmüdafiəçisi Eddi İsrafilov maraqlı addım atıb. O, «Turan Tovuz»la kubokun yarımfinal mərhələsinin cavab qarşılaşmasından sonra paltardəyişmə otağında hamının diqqətini öz üzərinə çəkib.
Belə ki, cəzalı olduğu üçün matçı kənardan izləyən orta sahə oyunçusu Lorentsiu Regekampfın taktiki gedişləri yazdığı lövhəni silərək, ora «10000» yazıb.
Milliləşdirilən futbolçu bununla yoldaşlarının istədiyi mükafatı rəhbərliyə çatdırıb.
«Ağ-qaralar» Tovuzdakı ilk görüşdə 0:1 hesabıyla uduzub. Cütün taleyi həlledici oyunun son dəqiqələrində müəyyənləşib.
Emin Mahmudov və Kenni Sayefin vurduğu qollar paytaxt təmsilçisini finala daşıyıb.
SPORTİNFO.AZ

