"Qoca"dan cavab - “Neftçi” finala yüksəlməsəydi, nə baş verəcəkdi?

1 May 2023 16:40 Neftçi 1 236
"Qoca"dan cavab - “Neftçi” finala yüksəlməsəydi, nə baş verəcəkdi?

“Neftçi”nin serbiyalı müdafiəçisi Voislav Stankoviç Azərbaycan kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” üzərindəki qələbə haqda (2:0) Sportinfo.az-ın suallarını cavablandırıb.

- Belə ağır oyundan sonra yorğunluq öz sözünü deyir?

- Əsas odur ki, möhtəşəm oyunla finala layiq olduğumuzu göstərdik və finala yüksəldik. 90 dəqiqə meydanda dominantlıq etdik, çoxsaylı qol fürsətləri yaxaladıq. Tirdən dönən və qapıya daxil olan toplar oldu. Peşəkarlıq göstərib, son saniyələrə qədər mübarizə apardıq və haqq etdiyimiz qələbəni qazandıq.

- Sonuncu dəfə psixoloji cəhətdən nə vaxt belə əziyyət çəkmişdiz?

- Bu oyunun məsuliyyəti mənə 3 il əvvəli xatırlatdı. “Qarabağ”la çempionluq uğrunda matçın hesabı həlledici olduğundan, məsuliyyətimiz böyük idi. Həmin oyunun ssenaruisi idi sanki. O vaxt da son dəqiqələrdə istəyimizə çatmışdıq. “Turan Tovuz”la görüşdə fiziki yox, psixoloji cəhətdən yorulduq. Üç baş üstün oynayıb, qol vura bilməmək adamı psixoloji cəhətdən yorur.

- “Turan Tovuz” hədəfinə çatmaq üçün ultramüdafiə futbolu sərgilədi. Onların yerində siz olsaydız, həmin taktika ilə oynayardız?

- Onları başa düşmək lazımdır. Premyer Liqaya yeni yüksəliblər, təcrübələri çox deyil. Özləri də bilir ki, “Neftçi” “Turan Tovuz”la müqayisədə nisbətən bacarıqlı futbolçulardan qurulub, komanda olaraq onlardan güclüyük. Ona görə də “Turan Tovuz”un bu cür çıxış edəcəyini gözləyirdik. Bizim üçün sürpriz olmadı.

- “Neftçi” finala yüksəlməsəydi, nə baş verəcəkdi?

- Futbolda hər şey mümkündür. Bu baş versəydi, futbolun ədalətsizliyi olardı. Çünki hər iki görüşdə müdafiə olunub, bəxtlərini əks hücumlarda sınadılar. Biz isə 180 dəqiqə dominant futbol oynadıq. İlk oyunda müdafiəmizi azlıqda yaxalayıb istəklərinə çatmışdılar. Bu dəfə planlarının qarşısını aldıq. Hətta qapımıza zərbə belə endirə bilmədilər.

- Rəhbərliyin kefi kök idi, yoxsa sizdən kuboku gözləyirlər?

- Əlbəttə, onlar da bizimlə birlikdə sevinirlər. Dedilər, bir müddət istirahət edib, finala hazırlaşmalıyıq. Həlledici qarşılaşmaya bir aydan çox vaxt var. Fikrimcə, o vaxta qədər tam hazır olacağıq.

- Kuboku qazanacağınız təqdirdə maddi qazancınız nə qədər olacaq?

- Bu barədə hələ ki, heç kim heç nə deməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...