“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Sportinfo.az-a müsahibə verib.
Belaruslu legioner Azərbaycan kubokunun cavab oyunu çərçivəsində baş tutan “Turan Tovuz”la matçdan (2:0) danışıb.
- Ağır və gərgin oyundan sonra özünü necə hiss edirsən?
- Əla hislər keçirirəm. Məqsədimiz qələbə qazanmaq idi ki, son dəqiqə qolları ilə hədəfimizə çatdıq. Qolların son dəqiqələrdə vurulması həyəcanı bir az da artırdı. Əsl idman mübarizəsi idi. İndi isə qarşıdakı çempionat matçlarını və finalı düşünməliyik.
- “Turan Tovuz”un son saniyələrə qədər qapısında top görməyəcəyini oyundan əvvəl təxmin edirdin?
- Vacib olan budur ki, komandamızın gücünə inanırdım və mərhələni keçəcəyimizə əmin idim. Rəqibin qapanacağını təxmin etmək çətin deyildi. Bəxtimiz gətirsəydi, hesabı daha erkən aça bilərdik. Görünür, qismət belə imiş.
- Qol(lar) vurmağınıza kim və ya nə mane olurdu?
- “Turan Tovuz” 11 nəfərlə cərimə meydançasına toplaşmışdı. Rəqib bütün komanda ilə müdafiə olunanda qol vurmaq çətinləşir. Sürəti və təzyiqi artırmaq hesabına istəyimizə çata bilərdik ki, məhz bu üstünlükdən yararlanmaqla istəyimizə çatdıq. Kapitanımızın cərimə zərbəsindən vurduğu möhtəşəm qol əhvalımızı yüksəltdi və ardınca ikinci topu vura bildik.
- Oyunun gedişində finalın əldən çıxacağından ehtiyatlanırdın?
- Xeyr, qətiyyən. Dediyim kimi, mərhələni keçəcəyimizə əmin idim. Hətta qolu erkən vuracağımızı düşünürdüm. On görə də şübhəm yox idi.
- Rəhbərlikdən təbrik eşitdiz?
- Onlar da bizim kimi sevincli idi. Təbii ki, təbrik etdilər.
- Mükafatın məbləği açıqlandı?
- (gülür) Hələ ki, açıqlanmayıb. Yəqin bir söz deyərlər.
HƏBİB

