“Neftçi”ylə “Turan Tovuz” arasındakı kubok qarşılaşmasında yaşanan maraqlı görüntü diqqətimizdən yayınmadı.
Oyundan əvvəl kağız parçasının üzərinə xahiş sözlərini yazan azyaşlı azarkeş matçboyu onu “Neftçi”nin futbolçularına göstərir, istəyinə çatmaq üçün alışıb-yanırdı.
Görüşün gərginliyi və həyəcanı fonunda futbolçuların yeniyetməyə diqqət yetirməməsi anlaşılan idi.
Qarşılaşma başa çatandan sonra həmin fanat “Neftçi”nin avtobusunun yanında göründü. Dostu ilə Voislav Stankoviçin yolunu gözləyirdi. Təbii ki, əlindəki kağız parçası ilə:
“Voislav Stankoviç, mən sizin fanatınızam. Xahiş edirəm, formanızı mənə hədiyyə edin. Öncədən təşəkkür edirəm”.
Azarkeşin ürək sözlərini öncə Stankoviçin xanımı gördü. O da iki övladı ilə futbolçu ərinin yolunu gözləyirdi.
Xanım kağızın üzərində yazılanları oxuyunca, yeniyetmənin saçına sığal çəkdi, ardınca dəhlizdən çıxan Stankoviçi görüb ona səsləndi:
“Stanko, bax, uşaq səndən nə xahiş edir”.
Serbiyalı müdafiəçi həyat yoldaşı ilə azyaşlının xahişini yerə salmayıb formasını ona hədiyyə etdi.
İlk oyunda səfərdə “Turan Tovuz”a məğlub olan “Neftçi” cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
HƏBİB / SPORTİNFO.AZ

