Dözmədi, Rövşən Nəcəfə müraciət etdi: “Bu fürsəti əldən verməyin”

26 Aprel 2023 20:20 Neftçi 1 792
Dözmədi, Rövşən Nəcəfə müraciət etdi: “Bu fürsəti əldən verməyin”

“Neftçi” cari mövsümdə də çempionluğu əldən verməsi ağ-qara rənglərə könül verən azarkeşləri qəzəbləndirib.

Mövsümboyu qeyri-sabit təsir bağışlayan “ağ-qaralar”ın yeganə ümid yeri ölkə kubokunu qazanmaqdır ki, indiki gedişatla həmin titulun da dərdə dərman olacağı inandırıcı görünmür.

Fanatlar sosial şəbəkələrdə üsyan edir, hazırkı rəhbərlikdən, məşqçilər heyətindən və futbolçulardan etirazını bildirir.

Onlardan biri – 1964-cü ildən “Neftçi”yə azarkeşlik edən Fazil Dadaşov redaksiyamıza ünvanladığı məktubda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, klubun Müşahidə Şurasının rəhbəri Rövşən Nəcəfə səslənib:

"Neftçi" azarkeşlərini indi də ölkə kubokunu əldə etməklə aldatmaq istəyirlər. Ancaq kubok əldə olunsa belə, bu, klub rəhbərlərinin klubda qalması üçün əsas olmamalıdır.

Komandanın nümayiş etdirdiyi oyunlar çox aşağı səviyyəlidir. Əgər, Kamran Quliyevlə Zaur Əzizov kubokun onları vəzifələrində saxlayacağına ümid edirlərsə, heç də çox ümidlənməsinlər.

İlk növbədə özləri mövsümboyu sabit oyun göstərməyən komandaya baxıb nəticə çıxarsınlar. Yaratdıqları “Neftçi” dişsiz, aciz, sıradan bir komandadır.

"Qarabağ"dan sonra ikinci ən böyük büdcəyə sahib olan "Neftçi"mizin zülmlə əldə etdiyi qələbələr göz önündədir. “Turan Tovuz”, “Şamaxı”, “Kəpəz” kimi klubların bütün heyətinə sərf edilən vəsait, bizim 3 futbolçumuzun dəyəri ilə eynidir.

Məgər bu fərqi Kamran Quliyevlə Zaur Əzizov görmür? Bu, nə seleksiya işidir? Bu, necə futbolçu seçməkdir? Zaurun gətirdiyi bütün legionerləri qovmaq lazımdır. Hamımız bilirik ki, Sadıq Sadıqovla Tahir Süleymanovun dövründə bu cür futbolçuların heç birini transfer olunmazdı. Kamran Quliyevlə Zaur Əzizovun etdikləri transferləri pulsuz da versəydilər, bu adamlar onları "Neftçi"nin darvazasından içəri buraxmazdı.

Külli miqdarda vəsait səviyyəsiz, heç bir kluba lazım olmayan transferlərə görə göyə sovrulub. Regekapfın baş məşqçi gətirilməsi də əlacsızlıqdan həyata keçirildi. Rege bizim yerli məşqçilərimizin əllərinə su tökməyə belə yaramaz. Bunları yəqin ki, hörmətli Rövşən Nəcəf də artlq araşdırıb. Uğursuzluq fonunda bütün günahı Regenin üzərinə atmaqla rəhbərlər özlərini sığortalamaq istəyəcəklər. Klubun Müşahidə Şurasının rəhbəri buna getməmələdir.

"Neftçi"yə baş məşqçi Zidan da gəlsə, indiki rəhbərliklə heç bir şeyə nail olmayacaq. Klub rəhbərlərinin futbol fəlsəfəsi, sistemi, futbol savadı olmadığına görə heç bir məşqçi " Neftçi"də nəticə əldə edə bilməz. Bu rəhbərliklə beş məşqçi işləyib bu 5 il ərzində. Deməli, problem baş məşqçi problemi deyil, klubda idarəçi problemidir.

Klubun rəhbərləri Sadıq Sadıqov, Tahir Süleymanov, Güloğlan Cabbarov kimi nüfuzlu, futbola fəda olan şəxslər kimi olmalıdırlar. Məhz bu şəxslər yenidən "Neftçi"mizə gəlməlidirlər.

Şəxsən Rövşən Nəcəfə səslənirəm. Hörmətli Rövşən müəllim, nəhayət, 5 aydır davam edən susqunluğunuza, bu futbol fədailərini klub rəhbərliyinə gətirməklə son qoyun. Bundan sonra da uğurlara, çempionluqlara, qruplara düşməyə bizimlə birlikdə şahidlik edin, bu uğurlardan qürurlanın.

Rövşən müəllim, siz gələn kimi bu islahatı aparmış olsayıdınız, bu mövsüm artıq qrup sevincini biz azarkeşlərlə birlikdə yaşayacaqdınız. İllər itir, ömür gedir, uğursusluqlar bir-birini əvəz edir. Mənim kimi qocaman, stajlı azarkeşlər yenidən bu uğurları görməyi arzu edirik.

Yeni mövsümdən əsl "Neftçi" görmək istəyirsinizsə, kubokun əldə olunacağı belə sizi aldatmasın. Sadıqov-Süleymanov cütlüyündən başqa bu gün "Neftçi"də uğur əldə biləcək heç kim ola bilməz. Bu insaların əldə etdikləri uğurlar göz qarşısındadır. Bunları siz də bilirsinuz, bütün azarkeşlərimiz də, futbol ictimayyətimiz də.

Artıq zamanı keçib. İndi bu fürsəti əldən verməyin, qəti addım atmağa cəsarət edin və bundan sonra bütün “Neftçi”sevərlərin sevimlisi olacağınıza inanın. "Neftçi"nin yeni uğurlu tarixi, bu funksionerlərin gəlişi ilə sizin rəhbərliyiniz altında başlasın. İnanırıq ki, məhz belə də olacaq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!