«Son günlər yayılan fikirlərin heç bir əsası yoxdur».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
O, Premyer Liqanın 30-cu turunda «Qəbələ» ilə Bakıda keçirdikləri və 1:2 hesablı məğlubiyyətlə bitirdikləri qarşılaşmanın nəticəsinin şübhə altına alınmasına münasibət bildirib.
Məlumat üçün qeyd edək ki, «ağ-qaralar»ın müdafiə xətti bu qarşılaşmada kobud səhvləri ilə yadda qalıb. Konkret olaraq, İvan Brkiç, Vojislav Stankoviç və Solomon Kvirkveliya nəticəyə birbaşa təsir göstərən xətalara yol verib.
Bu da mediada və sosial şəbəkələrdə böyük rezonans doğurub.
Azarkeşlərin böyük əksəriyyəti paytaxt təmsilçisinin bir neçə futbolçusunun oyunu «qumar»a qoymasını iddia edirsə, digər qisim bakılıların «Qəbələ»nin avrokuboklara «yolunu açmaq» üçün qəsdən zəif təsir bağışladığını düşünür.
Futbol eksperti Emin Abbasov isə ATV kanalında yayımlanan «Futbolumuz» verlişində deyib ki, «qırmızı-qaralar»ın qazandığı 1:2 hesablı qələbə şübhəlidir.
Ekspert «ağ-qaralar»ın 3 futbolçusunun – İvan Brkiç, Solomon Kvirkveliya və Vojislav Stankoviçin buraxılan qollarda yol verdiyi səhvlərə diqqət çəkib və bunların təsadüfi olmasına inanmadığını söyləyib: «AFFA bu futbolçularla bağlı araşdırmaya başlamalıdır».
R.Allahverdiyev bildirib ki, yayılan iddialar sıradan söz-söhbətlərdir:
«Hansısa oyunun alınıb-verilməsindən söhbət gedə bilməz. Bunların hamısı şayiədir.
«Qəbələ» ilə oyun bizim üçün çox vacib idi. Çünki keçən tur iki əsas rəqibimiz qarşılaşırdı.
Xal fərqini azaltmaq baxımından, «Qəbələ» ilə oyun komandamız üçün böyük əhəmiyyət daşıyırdı.
Çox təəssüf ki, uduzduq. «Qəbələ»nin də haqqını yemək olmaz.
Onlar son vaxtlar yaxşı formadadır. Baxımlı futbol nümayiş etdirirlər. Oyunla bağlı şayiələri qəbul etmirik».

