«Neftçi»də nələrsə baş verir.
Çox ciddi, mübhəm hadisələrin yaşanmasının fərqində olmağımız lazımdır.
İçdən-içə gedən proseslər qorxuludur. Qorxuludur həm də ona görə ki, bu gediş klubu mövsümü titulsuz bitirməyə doğru aparır.
«Qəbələ» ilə çempionat oyunu mütləq araşdırmalıdır. AFFA zəhmət çəksin, Premyer Liqanın son turundakı qarşılaşmanı incələsin.
Hər üzünə araşdırsınlar. Fejerasiyada o qədər adam çalışır, əlli dənə departament, nə bilim, şöbə açıblar.
Özgə vaxt təmizlikdən, manipulyasiyadan, haqdan, ədalətdən danışırlar.
«Neftçi»nin 1:2 hesabıyla uduzduğu oyunla bağlı şübhəli məqamlar mövcuddur və bu, istər media, istərsə də sostal şəbəkədə üzərindən çoxsaylı söz-söhbətlərə səbəb olub.
«Od olmayan yerdən tüstə çıxmaz» deyimi var. AFFA elə bu deyimin ucundan yapışıb, həqiqət axtarışına çıxmalıdır. İşlərinin adı nədir, «n» qədər havayı maaş alırlar.
«Neftçi»nin müdafiə zonasını təşkil edən legionerlərin (İvan Brkiç, Vojislav Stankoviç və Solomon Kvirkveliya) son turdakı performansı müxtəlif iddialara yol açıb.
Üç əcnəbiyə görə niyə «Neftçi»nin adı ləkələnməlidir? Şayiələr bir yerdə durmur, sürətlə yayılır.
Klub rəhbərliyi də bu məsələdən narahatlıq keçirməli, AFFA ilə birgə araşdırmalarda fəal iştirak etməli, hüquq-mühafizə orqanlarına müraciət ünvanlamalıdır.
İşin üstünə düşmələri mütləqdir. Yoxsa sabah baş verə biləcək daha neqativ hadisənin önünü kəsmək mümkün olmayacaq.
Bundan belə «Neftçi»nin başqa hansısa futbolçusu bilməyərəkdən səhvə yol versə, heç kim buna inanmayacaq. Hərə bir tərəfdən komandaya «vedrə» bağlayacaq. Gör, sonra nələr olacaq e!
Söz-söhbətlərin içində itib-batan «Neftçi»nin Tovuz səfərindən məğlubiyyətlə dönməsində qeyri-adi heç nə yoxdur.
Bir-birinə şübhəylə boylanan futbolçuların ağlı başqa-başqa yerdədir. Motivasiya və qarşılıqlı inam yerlərdə sürünür. Kubok da əldən çıxsa, «vay dədəm, vay» günləri başlayacaq.
Bunlar elə şeylərdir ki, tezliklə yaddan çıxmır. Uzun illər xatırlanacaq. İki-üç nəfərə görə «Neftçi»ni dilə-dişə salmaq olmaz.
Ölkənin ən yaşlı klubunun üzərinə atılan camuru təmizləməyə elə birinci idarəçilərin özləri maraq göstərməlidir.
Bu, onların borcudur. «Neftçi» qarşısında, onun azarkeşi qarşısında, vicdanları qarşısında borcudur.
SPORTİNFO.AZ

