"Neftçi" Premyer Liqadakı uğursuzluğunu ölkə kubokuna da daşımağı "bacardı".
Zavallı fanatlar ehtimal edirdi ki, heç olmasa ikinci dərəcəli turnirdə uğur qazanmaqla mövsümü titulla başa vurarıq.
Amma Regekampfın yetirmələri Tovuzda həmin ümidlərə də kölgə saldı. Komanda büdcəsi dəfələrlə aşağı olan, heyəti müqayisəyə gəlməyəcək qədər zəif olan "Turan Tovuz"a ilk oyunda məğlub oldu - 0:1.
Məğlubiyyət bir kənara, meydandakı mübarizə fanatları daha çox üzür. Təsəvvür edin ki, komanda 90 dəqiqə ərzində bölgə klubunun qapısında 1 real qol imkanı belə yarada bilmədi.
Lap tutaq ki, cavab görüşündə fərdi ustalıq hesabına bu komanda məğlub edildi. Lap finalda da qələbə qazanıb kubok qazandılar. Nə dəyişəcək?
Bu oyunla qazanılan kubok "Neftçi"yə lazımdırmı? Əgər davamında avrokuboklada uğursuzluq yaşanacaqsa.
Gedişat "Neftçi" adına yaxşı heç nə vəd etmir. Rumıniyalı mütəxəssisin heç nə vecinə deyil. Hər oyundan sonra heç nə olmayıbmış kimi mətbuat önünə çıxır, danışır. Bir sözlə, həftəni həftəyə, ayı aya calayır ki, maaşını alsın.
Bəs rəhbətlik? Axı onlar bu qədər vecsiz tərpənməməlidir. Elə indi, nə qədər ki, gec deyil, Regeni yola salmaq lazımdır. Ki, yeni mütəxəssislə yeni yola gec olmadan ayaq qoyasan.
İndiki gedişatla isə həmin ayaqlar gerisayım etməkdən başqa heç nəyə yaramır.
XANOĞLAN İMANOV

