“Oyuna çox yaxşı hazırlaşıb,
Bakıya qələbə dalınca getmişdik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” ilə oyun barədə danışan “Qəbələ”nin futbolçusu Murad Musayev deyib.
Premyer Liqanın 30-cu turu çərçivəsində “Bakcell Arena”da baş tutan görüşdə bölgə təmsilçisi meydan sahiblərini 2:1 hesabı ilə udmağı bacardı.
İlk dəqiqələrdən üstünlüyü ələ alaraq hesabda 2:0 önə keçən “qırmızı-qaralar” inamlı qələbə sayəsində dördüncü pillədəki mövqeyini qorudu.
Muradın fikrincə, vacib 3 xalın əldə olunmasında kollektivdəki motivasiya əsas rol oynayıb:
“Komandada hədsiz motivasiya var idi. Məğlubiyyət bir tərəfə, heç-heçə haqda belə düşünmürdük.
Bizi yalnız və yalnız qalibiyyət maraqlandırırdı. Özünüz də gördüz ki, komanda ilk dəqiqələrdən hücuma atıldı və qol vurmaq üçün hamı bir nəfər kimi əlindən gələni etdi.
Hesabı erkən açmağımız qələbədə vacib rol oynadı. Pressinq və təzyiq nəticəsində penalti qazanıb, onu da qola çevirdik.
Bizim üçün hava-su qədər vacib 3 xalı qazandıq”.
HƏBİB

