Premyer Liqanın 30-cu turunda keçirilən “Neftçi” – “Qəbələ” qarşılaşmasının yekun nəticəsi proqnozları alt-üst etdi.
Bölgə təmsilçisi oyunun əvvəlində vurduğu 2 qolluq üstünlüyü nisbətən əldən versə də, yekunda meydanı qalib tərk etdi – 2:1.
“Qırmızı-qaralar”ın ilk qolu zamanı qapıçı İvan Brkiçin kobud səhvi matçın gedişatına təsirini göstərdi. “Hədiyyə”dən maksimum yararlanan Ramon Maçado komanda yoldaşlarını 3 xala həvəsləndirdi.
Oyun başa çatandan sonra Brkiçin sosial şəbəkə hesabındakı paylaşımda yol verdiyi səhvə və yenilgiyə görə üzr istəyəcəyini təxmin etsək də, xorvat qolkiper məğlubiyyət haqda bunları yazıb:
“Əlbəttə, bugünkü oyuna görə xoşbəxt deyilik. Bu, bir nəticədir. Lakin biz xoşbəxt və minnətdar olmağı bacarmalıyıq”.
İvan Brkiç cari Premyer Liqa mövsümündə 22 oyunda “Neftçi”nin qapısını qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

