AFFA Oyunçuların Statusu və Transfer Komitəsinin “Neftçi”ni 9900 manat məbləğində cərimələməsi haqda xəbər vermişdik.
“Ağ-qaralar” vaxtilə “Neftçi-2”nin sıralarında olmuş Cavidan Rəhimlinin müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolçu sözügedən komitəyə şikayət edəndən sonra istəyinə çatıb.
Məsələ ilə bağlı yükun qərar olunub və bununla bağlı kluba bildiriş göndərilib. Di gəl, “Neftçi” qərarla razılaşmır.
Çıxarılan qərara etiraz edən “Neftçi”nin prezidenti Kamran Quliyev öz imzası ilə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət göndərilməsinə dair tapşırıq verib.
Tribunalın qərarı qüvvədə saxlayıb-saxlamayacağına yaxın günlərdə aydınlıq gələcək.
Xatırladaq ki, “ağ-qaralar” Cavidan Rəhimli ilə 2021-ci ilin iyulunda aylıq maaş 550 manat olmaq şərti ilə 3 illik müqavilə bağlayıb.
Lakin həmin ilin noyabrın 23-də “Turan Tovuz”la çempionat qarşılaşmasında Cavidan zədələnib.
Futbolçu həkim müayinəsindən keçəndən sonra ona zədədən söhbət getmədiyini, ayaqları zəif olduğuna görə burxulmaların olduğunu bildiriblər.
“Neftçi” həmin vaxt heç bir əsas göstərmədən ötən ilin yanvarında Rəhimli ilə müqaviləyə xitam verib. Həm də birtərəfli qaydada. Halbuki, futbolçunun klubla 2 ilyarımlıq müqaviləsi qüvvədə imiş.
Rəhimli üzləşdiyi durumla razılaşmayaraq Oyunçuların Statusu və Transfer Komitəsinə şikayət edib.
HƏBİB / SPORTİNFO.AZ

