Regekampf yerli gəncləri görün necə məhv edir - ONA SUAL VERƏN YOXDUR?

14 Aprel 2023 18:00 Neftçi 1 581
Regekampf yerli gəncləri görün necə məhv edir - ONA SUAL VERƏN YOXDUR?

Millilərin uğursuzluğundan sonra ağzını açıb səbəb göstərənlər hər dəfə ölkədə yerli futbolçuların azlığından və ya yoxluğundan danışır.

İllərdir canımızı boğazımıza yığan bu problemin mənbəyi Azərbaycana axın edən legioner məşqçi və futbolçulara, eləcə də gəlmələrin milliləşdirilməsinə görədir.

Uzağa getmədən “Neftçi”yə nəzər salaq.

Müstəqillik tarixində ölkə futbolu üçün “inkubator” rolunu oynayan “ağ-qaralar”da təkcə son 10-15 ildə saysız-hesabsız futbolçu yetişib. Siyahını Araz Abdullayevlə başladıb, Elvin Yunuszadə ilə davam etdirib, söhbətə Elşən Abdullayevlə nöqtə qoymaq olar.

Elə indinin özündə də “Neftçi”də və “Neftçi-2”də kifayət qədər perspektivli azərbaycanlılar var. Lakin onlar əcnəbi baş məşqçi Laurentsiu Regekampfın əli ilə şikəst edilir, başqa cür desək, futboldan küsdürülür.

Rza Cəfərov, Əlirza Müştəbəzadə, Elton Əlibəyli, Vüsal Əsgərov, Rüfət Abbasov, Ağadadaş Salyanski, bir müddət öncə başını götürüb icarə əsasında Latviya “Dauqavpils”inə yollanan Ramin Nəsirli və digərləri.

Adları çəkilənlərin hər biri “Neftçi-2”nin dirəyi hesab olunur. Yəni “divizion”da nisbətən təcrübəli komandalara qarşı oynamaqla təcrübə toplaya bilərlər, oyun təcrübəsi baxımından əziyyət çəkməzlər.

Bəs, Regekampf nə edir?

Onları əsas komandanın məşqlərinə dəvət etməklə guya təcrübə toplamalarına şərait yaradır. Bəli, məhz guya. Çünki, futbolçu həftəboyu məşqlərdə top dalınca qaçıb, “kvadrat”a salınıb, rəsmi oyunlarda kənarda qalmaqla “artırmır”, əksinə, geriləyir. İstər fiziki olsun, istərsə də psixoloji.

Deyək ki, bu uşaqlar “divizion”da oynamaqla U-19-la U-21-in məşqçilərinin diqqətini çəkə, yığmalara fayda verə bilərlər. Amma əsas komandada mütəmadi ehtiyatda qalmaları onları yığmadan kənar salır. Hətta milliyə dəvət alsalar belə, istədiklərini edə bilmirlər. Oyun təcrübəsi olmayan futbolçudan nə gözləyəsən?

Başa düşürük, Regekampf yerli gənclərin inkişafını istəyir. Bəlkə də qarşısına bununla bağlı şərt qoyulub. Amma seçdiyi yol inkişafa yox, məhvə aparır axı.

Gənclərə təcrübə qazandırmaq üçün onların həftədə 1-2 dəfə əsas komanda ilə məşq etməsinə şərait yaratmaq bəs edir. Oyun gününə az qalmış isə əvəzedici komandaya göndərmək mümkündür. Bunu növbəli sistemlə də etmək olar.

Məsələn, bu həftə Rzanı, Rüfəti və Vüsalı “əsas”da salxayıb, digərlərini “ikincilər”ə göndərirsən. Növbəti həftə digərlərini saxlayıb, o birilərinə “divizion”da oynamaq şansı yaradırsan.

Regekampfın seçdiyi yol gəncləri göz görə-görə məhvə sürükləməkdir. Futbolçu oynaya-oynaya yetişir, ehtiyatda oturub Eminlə Saldanyanın necə oynamasına baxmaqla yox.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!