“Neftçi” Mirabdulla Abbasova təzminat ödəyib.
Sabiq hücumçusu ilə müqaviləni pozması klubu 80 min manat ziyana salıb.
“Ağ-qaralar” AFFA Apellyasiya Arbitraj Tribunalının qərarı əsasında təzminat vermək məcburiyyətində qalıb.
Bundan əlavə, ödəmədə gecikmə olduğu üçün Apellyasiya Arbitraj Tribunalı “Neftçi”ni əvvəlcə 44, daha sonra 20 manat cərimələyib.
Mirabdulla Abbasov 2016-2022-ci illərdə “Neftçi”nin futbolçusu olub. “Ağ-qaralar” müxtəlif illərdə onu “”Dauqavplis” (Latviya), “Sumqayıt” və “Səbail”ə icarəyə veriblər. Mirabdulla keçən ilin sentyabrından “Səbail”də çıxış edir.
“Neftçi” keçmiş forvardına dəfələrlə minnətçi düşüb, şikayətini geri götürməsini, müəyyən güzəştlər daxilində kompramisə gəlməyi təklif edib.
O, bu çağırışların heç birinə əhəmiyyət verməyib. Abbasovun iki ayağını bir başmağa dirəməsi də səbəbsiz deyil.
Millinin eks üzvünə ən çox yer eləyən Samir Abasovun vaxtında əsas komandadan uzaqlaşdırılması, əvəzedicilərin heyətində I Divizionda çıxış edərkən aldığı qırmızı vərəqəyə görə böyük miqdarda cərimələnməsidir.
Baş məşqçi dəyişikliyindən sonra Lorentsiu Regekampfla bir neçə dəfə görüşməyə cəhd göstərən hücumçu istəyinə çatmayıb. Hətta onu qapıdan içəri buraxmayıblar.
Rumıniyalı çalışdırıcıya haqqında pis məlumatların verilməsini eşidən Mirabdulla ona çatacaq pulun gecikdirilməsinə də etirazını bildirib, rəsmilər bunu da qulaqardına vurub.
SPORTİNFO.AZ

