“Neftçi”də adından söz etdirən məşqçi: “Açığı, getmək istəmədim"

26 İyul 2023 16:00 Müsahibə 1 679
“Neftçi”də adından söz etdirən məşqçi: “Açığı, getmək istəmədim"

“Neftçi-2” növbəti mövsümün hazırlıqlarına start verib.

Ötən mövsümü ikinci pillədə başa vuran kollektivdə dəyişikliklər yaşanıb.

Nisbətən təcrübəli futbolçular Birinci Liqa klublarına üz tutub, onları klubun aşağı yaş qruplarından gələn futbolçular əvəzləyib.

Ən vacib məqam Rəşad Abdullayevin baş məşqçi postunda qalmasıdır.

Son illər qazandığı nəticələrlə diqqətləri üzərinə çəkən 41 yaşlı mütəxəssis başqa klublardan olan təkliflərə baxmayaraq, karyerasını sevimli klubunda davam etdirməyi qərara alıb.

Rəşad bəylə komandası haqda, gənc futbolçuların inkişafı və idmanda psixologiya mövzusunda çoxdan danışmaq istəyirdik.

Lakin uyğun vaxt tapmaq müşkülə çevrilmişdi ki, fürsət “Neftçi-2”nin təlim-məşq toplanışında yaranmış fasilə dönəminə təsadüf etdi.

- Yeni mövsümün hazırlıqlarına start vermisiniz. Təlim-məşq toplanışını istədiyiniz şəkildə davam edir?

- İyunun 4-də komanda olaraq bir araya gəldik. Ötən il Birinci Divizionda çıxış edirdik deyə, hazırlığa gec başlamışdıq. Bu il Əvəzedicilər Liqasına avqustda start veriləcək, ona görə də tez yığışdıq. Hazırlığın ilk bir həftəsində hər gün üçün bir məşq hesablanmışdı. Ayın 12-dən etibarən fiziki durumun yaxşılaşdırılması üçün yükləmələrə yer verdik. Heyətimiz gənclərdən ibarətdir. Akademiyadan bir neçə futbolçunu komandaya cəlb etmişik.

- Yaşı 20-ni keçən bir neçə futbolçu ilə yollar ayrılıb, onların əvəzinə yaşı daha az olanları cəlb etmisiniz. Çempionatda çətin olmayacaq sizə?

- Ötən mövsümə də bu cür başlamışdıq. Kollektivdəkilərin demək olar hamısı gənclər idi. Özüm baş məşqçi olaraq əvəzedici komandada gənclərlə işləməyin tərəfdarıyam. Ötən il komandamızda yaşca böyük olanlar Birinci Liqada mübarizə aparan komandalardakı futbolçuların əksər gənclərindən yaşca kiçik idi. Bu il Birinci Liqa ilə Əvəzedicilər Liqası ayrı olacağından, özünü yaxşı tərəfdən göstərən futbolçular yaxşı təklif qarşılığında “divizion” klublarına üz tutdular. Bu da həm özlərinin, həm də bizim gördüyümüz işin nəticəsiydi.

- Bu cür də davam edəcəksiniz?

- Mütləq və mütləq. Futbolçu aşağı yaş qruplarından əvəzedici komandaya gəlir, burada təcrübə toplayır, futbolçu və şəxsiyyət kimi formalaşır, ya əsas komandaya yollanır, ya da digər kluba üz tutur. Bu il yenə U-17 və U-19 komandalarımızdakı futbolçuları cəlb etmişik. Kənardan yalnız bir nəfəri götürmüşük - Kamal Kazımovu. Keçmiş “İnter”in yetirməsidir, vaxtilə “Altınordu”da olub. Olduqca perspektivlidir, ən yaxın gələcəkdə nəyə qadir olacağını görəcəksiniz.

- Ötən mövsüm çempionatın ən gənc komandası qismində bütün əvəzedici komandaları geridə qoyub, gümüş medallara sahib oldunuz. Bu dəfə hədəf nə olacaq?

- Vaxtilə futbolçu kimi “Neftçi”nin formasını geyinmişəm, artıq 6-7 ildir məşqçi kimi burada çalışıram. Söhbət “Neftçi”dən gedirsə, ancaq və ancaq zirvə və ya yüksək yerlər haqda düşünməlisən. Açığı, turnir cədvəli ilə bağlı qarşımıza konkret məqsəd qoyulmayıb. Ancaq futbolçuların qələbə ruhunu düşünərək medalçı yerləri hədəfləyirik. Məqsədimiz bu il üçün də dəyişməz qalır.

- Ötən mövsüm sərəncamınızda olmuş təcrübəliləri saxlamaqla əvvəlkindən də iddialı komanda qurmaq olardı. Nə əcəb bunda maraqlı olmadınız?

- “Neftçi”nin əvəzedici komandasında işləyirəmsə, mənim üçün vacib olan 16-20 yaş arası futbolçuları yetişdirib, əsas komandamıza, ümumi götürəndə futbolumuza qazandırmaqdır. Neçə ildir bu dəsti-xətt üzrə gedirik və şükürlər olsun, nəticəsini görməkdəyik. Bəli, həmin futbolçuları saxlaya bilərdik. Amma onların digər komandalarda həmyaşıdları və özlərindən yaşca böyüklərlə komanda yoldaşı olmasını istədik. O uşaqların klubla müqaviləsi də var idi. Nəticəni düşünsəydik, inanın, getmələrinə imkan verməzdik. Onların yaşı artıq Birinci Liqa üçün yetişib. Növbəti ilə də komandada saxlasaydıq, həm onların, həm də yaşca kiçik futbolçuların inkişafının qarşısını alacaqdıq.

- İki il əvvəl “Neftçi”nin U-19 komandası ilə gümüş medalları qazanmışdınız, başa çatan mövsümdə isə əvəzedicilərlə buna nail oldunuz. Valideynlərdən və sizi yaxından tanıyan mütəxəssislərdən eşitdiyimə görə, psixologiya nəzəriyyəsini yaxşı bilirsiniz və bu məqam sizə çox kömək edir. Sirr deyilsə, hansı təcrübədən yararlanırsınız?

- Bu yaş dövrü futbolçular üçün ən ağır və həssas dönəmdir. Baxırsan ki, 18 yaşına qədər inamla irəliləyir, sonrakı dövrdə dayanır, böyük futbol oynaya bilmir. Və ya əksinə, 18 yaşına qədər seçilmir, 18-dən sonra parlamağa başlayır. Ona görə də bu cür həssas dönəmdə əsas diqqəti həm də psixoloji hazırlığa verməliyik. Psixoloji hazırlıq dediyimiz, oyunçularla mütəmadi söhbətlərdir. Tez-tez onlarla müxtəlif mövzular ətrafında danışırıq. Onlardan ən böyük istəyim futbolçu ilə yanaşı, həm də şəxsiyyət kimi formalaşmalarıdır. Meydanda və meydandan kənarda nizam-intizam xüsusi yer tutur. Mental dəyərlərimizi qorumaq, nümunəvi insan kimi yetişmək yönündə mütəmadi söhbətlər edirik. Gənclərlə işləyiriksə, təkcə futbolu yox, ondan kənarda görəcəyimiz işləri də düşünməliyik. Məşqçi olaraq işimizdə hansısa səhvə yol verə bilərik, amma psixologiyadan mütləq xəbərdar olmalıyıq.

- Həssas yaş dönəmində gənc futbolçuları tonusda saxlamaq, fikirlərini sırf futbola yönəltmək olduqca çətindir. Bu fakt işinizə nə dərəcədə çətinlik yaradır?

- Bu sualın cavabı az öncə danışdığımız məsələdədir. Gənc futbolçudan nəticə almaq, onu istədiyin kimi görmək istəyirsəndə, mütləq əsas diqqəti psixologiyaya verməlisən. Mütəmadi danışırıq, başa salıram ki, əvəzedici komanda vitrindir, burada uğurlu olub, sabah Premyer Liqada çıxış edə bilərsiz. Yəni, düşünməməlidir ki, 17-18, yaxud 20 yaşım var, mənim üçün hələ tezdir. Futbolçu hər yaş dövründə özünü böyük işlər görməyə hazır hesab etməlidir. Ən böyük istəyim şəxsi həyatdakı problemləri işə qatmamaqdır. Razıyam, hər kəsin həyatında problemlər, çətinliklər olur. Ancaq bunu bacardıqca kənarda saxlamaq lazımdır. Problemi işə qatdınsa, orada lazımi effekt olmayacaq. Əksinə, çalışmalıdırlar ki, həmin problemlərin gələcəkdə təkrarlanmaması üçün bacarıqlı idmançı kimi yetişib, böyük futbolçu ola bilsinlər.

- Ölkənin bacarıqlı və savadlı məşqçilərindən hesab olunursunuz. Ötən yay Premyer Liqa klubundan adlığınız təklifi geri çevirmişdiniz. Deyilənə görə, bir neçə gün əvvəl Birinci Liqa klublarının dəvətinə də isti yanaşmamısınız. Hətta bir müddət əvvəl adınız milli komandalardan birinin baş məşqçi postu üçün müzakirə olunub. Görünən budur ki, heç bir halda “Neftçi”dən ayrılmaq istəmirsiniz. Təklifləri gözdən keçirmək həvəsində olmamağınızın səbəbini bilmək olar?

- Maşallah, mətbuat bütün xəbərləri bizdən əvvəl bilir (gülür). Razıyam, dəvətlər, təkliflər olur. Komanda uğur qazanırsa, futbolçular kimi, məşqçilər də diqqət mərkəzinə düşür. Bu, normal haldır. Açığı, getmək istəmədim. “Neftçi”də qalıb, gənc futbolçularla çalışmağı məqsədəuyğun saydım. Həm mənə doğma olan klubdur, həm də futbolçu yetişdirmək, onları üzə çıxarmaq hər nə qədər çətin və yorucu olsa da, özüm üçün də xoşdur, zövq verir. İşimdən zövq aldığım üçün bu gün “Neftçi”dəyəm. Yenə deyirəm, işlədikcə, nəticə verdikcə təkliflərin olması normaldır. İllərdir tətbiq etdiyim təcrübədən yararlanmaqda və gənc futbolçuların inkişafı üçün işləməkdə davam edəcəyəm. Hər ötən il mənim üçün yeni təcrübədir. Təcrübəmi artırım, inşallah, vaxtı çatanda lazım olan qərarı qəbul edərəm.

HƏBİB ASLANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti