“Neftçi”də bir adam bu müsahibəni oxumadan keçməsin: “Bizim borcumuzdur”

23 Aprel 17:00 Müsahibə 1 461
“Neftçi”də bir adam bu müsahibəni oxumadan keçməsin: “Bizim borcumuzdur”

“Neftçi”nin qambiyalı hücumçusu Dembo Darbo Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın son turunda “Qarabağ”dan 0:3 hesablı məğlubiyyət aldı. Prinsipial oyundakı acı yenilgi ilə bağlı nə deyə bilərsən?
-Əlbəttə, bu cür uduzmaq bizə yaraşmır. Səhvlərə yol verdik, rəqib də bundan yararlandı. Qarşıda kubok matçımız var. Bu məğlubiyyəti çox düşünsək, “Sabah”la oyuna hazırlaşa bilmərik. Elə etməliyik ki, qazanacağımız qələbə ilə 0:3-ü unutduraq.

- Psixoloji baxımdan hazırlaşmaq asan olmayacaq axı.

- Mental baxımdan təbii ki, çətindir. Ancaq peşəkar futbolçularıqsa, hər vəziyyətə hazır olmalıyıq. Belə məqamlarda psixoloji hazırlıq çox önəmlidir. Onsuz da bütün diqqətimizi kubok qarşılaşmasına yönəltmişik.

- “Qarabağ”dan bu cür məğlubiyyət alacağınız gözlənilən idi. Özünüz bunu hiss edirdiniz?

- Xeyr-xeyr. Məqsədimiz qələbə qazanmaq, ən pis halda meydanı 1 xalla tərk etmək idi. Ancaq futbol belədir, bəzən istəmədiyin şeylər yaşanır.

- Qaçırdığın qol epizodu ilə bağlı nə deyə bilərsən? Yaxın məsafədən topu “çərçivə”yə göndərə bilmədin.

- 100 faizlik qol şansı idi, vurmalıydım. Oyunboyu çox qaçdığım üçün yorulmuşdum, ayaqlarımda güc qalmamışdı. Topu qapıya göndərməyə taqətim çatmadı.

- Zədədən sonra özünü necə hiss edirsən?

- Dörd ay oynamayan futbolçu üçün qayıdan kimi böyük işlər görmək çətindir. Həm fiziki formamı qaydasına salmalıyam, həm də oyun təcrübəsi toplamalıyam. İndi-indi oynamağa, formaya düşməyə çalışıram. Bir neçə matçdan sonra tam hazır olacağam.

- “Sabah” səddini adlaya bilsəz, finalda rəqib qismində hansı komandanı görmək istəyərsən?

- Rəqibin kimliyi önəm daşımır. Önəmli olan öz oyunumuza diqqət ayıraraq finala vəsiqə qazanmaqdır. Final bir oyundan ibarət olur, ona görə də rəqibin adı çox da vacib deyil.

- Yaxşı və pis günlərdə yanınızda olan azarkeşlərə sözün var?

- “Qarabağ”a uduzduğumuza görə onlardan üzr istəyirəm. Azarkeş əziyyət çəkib stadiona gəlirsə, onları sevindirmək bizim borcumuzdur. Bu, baş verməyəndə özümüzü onlara borclu hiss edirik. “Neftçi” azarkeşləri hər şeyin ən yaxşısını haqq edir. Finala yüksəlməklə onları sevindirəcəyimizə inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!