
II Liqada çempionluq uğrunda keçirilən “Şəfa” – “Şahdağ Qusar” qarşılaşması son illərin ən səs-küylü oyunu kimi tarixə düşdü.
90 dəqiqə ərzində qapılara qol vurulmaması xal fərqində öndə olan bölgə təmsilçisinin xeyrinə işlədi. Elə buna görə də oyundan sonra “Şahdağ”ın futbolçuları azarkeşləri ilə birlikdə əsl bayram havası yaşayırdı.
Elə həmin gərginlikdə komandanın ən təcrübəli futbolçusu Nodar Məmmədov Sportinfo.az-ın suallarını cavablandırdı.
-Oyun heç-heçə başa çatsa da, bir tətəfdə matəmdir, digər tərəfdə bayram.
-Bu oyun 99 faiz çempionun adına aydınlıq gətirməliydi. Həftəiçi məşqlərdə necə və hansı templə hazırlaşdığımızı sözlə ifadə edə bilmərəm. Oyunun başlama saatını gözləməyə səbrimiz çatmırdı. Məqsədimiz qələbə qazanmaq idi. Lakin heç-heçə də işimizə yarayır. 3 xal öndəyik, inanmıram ki, “Şəfa” növbəti iki oyunda uduzsun. Biz də sayıqlığı əldən verməməliyik.
-Tribunalarda ab-hava baxıram, sanki çempionluğu indidən qeyd edirsiz.
-Çempionatın ikinci yarısında “Şəfa” çox yaxşı transferlər etdi. Özünüz də görürsüz ki, heyətində Premyer Liqa təcrübəsi olan neçə nəfər var. Həqiqətən möhtəşəm heyətə malik komandadır. Çempionluq bir tərəfə, bu gün göstərmək istəyirdik ki, futbolda hər şeyi pul həll etmir. Düzdür, bizdə də təcrübəli oyunçular var. Ancaq ümumi götürəndə “Şəfa”nın vəziyyəti yaxşıdır.
-Premyer Liqa üçün darıxırsan?
-Darıxsam da, artıq yaş o deyil. Bundan sonra başqa nəsə fikirləşmək lazımdır.
-Sonuncu dəfə elitada 28 yaşında oynamışdım. “Xəzər Lənkəran”la birlikdə getdin və bir də qayıtmadın.
-Qismət. Gücüm var idi, oynamaq istəyirdim. Ancaq gedib kimisə məcbur edə bilməzdim ki, məni komandana götür. Sonrakı illərdə Kiprə getdim, Birinci Divizionda oynadım.
-Kənarda qalmağına kim, yaxud nə səbəb oldu?
-Vallah, özüm də bilmirəm. “Xəzər Lənkəran” dağılan ərəfədə pul yox idi, heyətin yarısından çoxu 16-17 yaşlı uşaqlar idi. Ancaq yenə də meydanda can qoyurduq. Yəqin qismət beləymiş.
HƏBİB