
“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba Sportinfo.az-a müsahibə verib.
Braziliyalı yarımmüdafiəçi komandasının Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a 0:3 hesabı ilə uduzduğu görüş haqda sualları cavablandırıb.
- Ağır məğlubiyyətin səbəblərini deyə bilərsən?
- Qapımızdan birinci qolu buraxana qədər hər şey plana uyğun gedirdi. İnamlı müdafiə olunur, imkan düşdükcə hücuma çıxırdıq. Hətta qol imkanlarımız da oldu. Lakin buraxdığımız ilk qol... Orada nə baş verdiyini özüm də anlamadım. Hələ də başa düşə bilmirəm. O cür qol buraxmaq...
- Buraxılan qoldan sonra komandanın “sındığını” demək istəyirsən?
- Qapımızda qol görsək də, komanda yoldaşlarıma deyirdim ki, hələ heç nə bitməyib, ümumi hesab bərabərdir, döyüşməliyik və sair. Lakin o qoldan sonra psixoloji baxımdan problem yarandı, əhval-ruhiyyə düşdü. “Qarabağ” kimi təcrübəli komanda bunu görüncə həvəsləndi, təzyiqi artırdı və növbəti qolları vurdu.
- Qolların hamısı “Araz-Naxçıvan”ın sol cinahından qurulan hücumlar zamanı vuruldu. “Qarabağ” demək olar bütün hücumları həmin cinahdan qururdu. Felipe Santos müdafiəyə kömək edə bilmirdi, yoxsa Ürfan Abbasov çatdırmırdı?
- Səhvlərə görə kimisə günahlandırmağın tərəfdarı deyiləm. Udanda və uduzanda buna görə komanda məsuliyyət daşıyır, ayrı-ayrı fərdlər yox. Müdafiə bir nəfərdən ibarət deyil. “Qarabağ” hücum edirsə, hamı bir nəfər kimi müdafiəyə kömək etməlidir. Uduzmuşuqsa, hamımız günahkarıq.
- Kubokda kənarda qalmaq çempionatdakı çıxışınıza mənfi təsir edə bilər? Çünki Premyer Liqadakı yeriniz də təhlükəlidir.
- Çempionatda yolumuza davam edirik. Bundan sonra daha çox motivasiya tapmalı, daha çox mübarizə aparmalıyıq. Üçüncü pilləni qorumaq, imkan olacağı təqdirdə ikinci yerə yüksəlmək barədə düşünməliyik. Dünyanın sonu deyil. Kubokda alınmadısa, Premyer Liqada hədəfə çatmalıyıq. Medal qazanmaq, avrokuboklarda mübarizə aparmağın özü də “Araz-Naxçıvan” üçün uğur sayılacaq.
HƏBİB