
“Şamaxı”nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a müsahibə verib.
Bir ay əvvəl bölgə təmsilçisi ilə müqaviləsinin müddətini uzadan portuqaliyalı kiper “Səbail”lə bərabərə qaldıqları oyundan sonra (1:1) sualları cavablandırıb.
- Heç-heçə sizi məmnun edir?
- Ümumi götürsək, xeyr. Çünki meydana qələbə qazanmaq üçün çıxmışdıq. Xüsusən ilk hissədə üstün oynadığımız dəqiqələrdə iki qol vura bilərdik. Fasilədən sonra rəqib təzyiqi artırdı, biz də bir az riskə getdik və qapımızda şanssız penalti gördük.
- Möhtəşəm seyvlərlə komandanı 2-3 real qoldan xilas etdin. “Səbail”ə qarşı görüşdə qəhrəman olacağını təxmin edirdin?
- Mən bunu qəhrəmanlıq hesab etmirəm. İşim “çərçivə”ni qorumaqdır və buna çalışıram. Qəhrəman olmaq üçün xüssi nəsə etdiyimi düşünmürəm. Sadəcə komandamın bir parçası olaraq kömək edirəm.
- Bu gün yerli azarkeşlər say çoxluğu ilə diqqət çəkdi. Tribunaların dolu olması oyununuza təsir edir?
- Hər bir futbolçunun arzusudur ki, oyunlara gələn azarkeşlərin sayı çox olsun. Stadion dolu olanda möhtəşəm görünür. Həqiqətən əla dəstək verdilər. Onları sevindirmək üçün əlimizdən gələni etməyə çalışırdıq. Növbəti ev matçlarımızda azarkeşlərə qələbə bəxş etmək üçün mübarizə aparacağıq.
- Premyer Liqadakı yerinizi qoruyandan sonra oyunlara motivasiya olmaq baxımından problem yaşanır?
- Peşəkarıqsa, hansı məsuliyyətin altına girdiyimi dərk etməliyik. Məqsəd təkcə elitada qalmaq yox, eyni zamanda qələbələr qazanmaqdır. Hər oyuna qələbə həvəsi ilə çıxmağın özü ən böyük motivasiyadır.
- Evinizə, doğmalarınızla görüşə yollanmaq üçün səbrsizlənirsiz yəqin.
- Bunun üçün çempionatın başa çatmasını gözləməliyik. Həm də yüksək əhvaı-ruhiyyədə olmalıyıq.
HƏBİB