"Onların dedikləri şantaja oxşayır" - SİLLƏ KİMİ REAKSİYA

30 Noyabr 2020 00:42 Milli komanda 985
"Onların dedikləri şantaja oxşayır" - SİLLƏ KİMİ REAKSİYA

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmanın Millətlər Liqasında çıxışı birmənalı qarşılanmadı.

Sonda qrup üçüncüsü olan millidən çox şey gözlənilsə də, ölkənin əsas komandası növbəti dəfə azarkeşlərin ümidlərini puç etdi.

Məşqçilər korpusunda yer alan Arif Əsədovla söhbətdə komandanın çıxışını dəyərləndirməyə çalışdıq.

- Arif müəllim, ölkənin əsas komandasının Millətlər Liqasındakı çıxışından razı qaldız?
- Bu baxır hansı məsələyə hansı prizmadan yanaşırsan. Məncə, nəticə o qədər də pis olmadı. Gəlin unutmayaq ki, komandaya yeni baş məşqçi təyin olunub. Canni De Byazinin təyinatı elə vaxta təsadüf etdi ki, pandemiya səbəbindən ölkə bir neçə ay futbolsuz qalmışdı. Millətlər Liqasının startı ərəfəsində yoxlama oyunu keçirməyə belə vaxt olmadı. Bundan başqa, özünüz də gördüz ki, geridə qoyduğumuz tksildə ancaq yerli futbolçuların xidmətindən yararlandıq. Üzdə olan bütün futbolçulara millinin qapıları açılmışdı. Baş məşqçi özü premyer-liqa matçlarını yaxından izləyir, bəyəndiyi oyunçulara yığmada oynamaq şansı yaradırdı. Millətlər Liqası çərçivəsində keçirdiyimiz qarşılaşmalarda yeni komandanın əsasını qoymağa çalışdıq. Fikrimcə, əsas məqsədlərdən bir də bu idi.

- Məqsəd demişkən, turnir ərəfəsində AFFA rəhbərliyi komandanın qarşısına hansı hədəfi qoymuşdu?
- Təbii ki, istənilən komanda meydana qələbə üçün çıxır. Biz də çalışdıq ki, maksimum nəticə qazanaq. Ancaq yenə deyirəm, məqsədlərdən biri də o idi ki, yeni yığma fomalaşdıraq, komandanın orta yaş həddini aşağı salaq, növbəti tsikl üçün daha döyüşkən komandanın əsasını qoyaq. Sevindirci haldı ki, yığma artıq müdafiədə etibarlı oyunu ilə seçilir. Ardıcıl 4 oyunda qapımızda qol görmədik.

- Bu seçmə mərhələdə müdafiədəki problemləri aradan qaldırdız. Bu məntiqlə, belə çıxır ki, növbəti tsikldə yarımmüdafiədəki çatışmazlıqlar aradan qalxacaq. Ondan sonrakı seçmə mərhələdə də hücum problemimiz həll olunacaq. Və bu ardıcıllıqla biz normal ötürmə verib, qol vuran komanda görmək üçün 6 il gözləməliyik...
- Xeyr, elə deyil. Ümumiyyətlə, hansısa yeni baş məşqçi gəlib desə ki, mən 6 aya, bir ilə normal komanda yaradıb, yüksək yerlər uğrunda mübarizə aparacam, ona inanmayın. Həmin məşqçi sonda pulunu alıb gedəcək və ortaya heç bir iş qoymayacaq. İstənilən baş məşqçi görmək istədiyi komandanı yaratmağa 2-3 il vaxt sərf edir. Millətlər Liqası Canni De Byazi üçün Azərbaycan yığmasında ilk addım idi. Bu müddətdə xeyli yerli oyunçuya dəvət göndərib, oynamaq şansı yaratdı. Futbolda 3 faza var: müdafiə, keçid fazası və hücum. Qeyd etdiyim kimi, müdafiədə etibarlı oynamağı bacarırıq. Müdafiədən hücuma keçiddə də pis təsir bağışlamırıq. 6 oyunda yetərincə qol vəziyyəti yaratmağı bacarmışıq. Bu gün bizdə hücumda problem var. Qol imkanlarından yararlana bilmirik ki, bu da artıq futbolçunun fərdi ustalıq səviyyəsindən qaynaqlanır. Burda taktiki-texniki planda çatışmazlıqlardan danışmaq yersizdi. Forvard matç ərzində əlinə düşən bir neçə şansdan yararlana bilmirsə, bunun günahını özündə axtarmalıdı.

- Seçmə mərhələdə “milliləşdirilən” legionerlərin xidmətindən yararlanmadız ki, bu da müəyyən söz-söhbət yaratdı. Dadaşov qardaşları, Dmitri Nazarov kimi milli üzvləri yığmadan kənarda qaldı. Bu baş məşqçinin istəyi ilə oldu, yoxsa pandemiya səbəbindən onları dəvət edə bilmədiz?
- İtalyan mütəxəssisin ilkin siyahısında bu futbolçuların da adı var idi və onları da yığmanın düşərgəsində görmək istəyirdi. Sadəcə, ilk toplanışa pandemiya səbəbindən qatıla bilmədilər. Heç UEFA da mövcud duruma görə “milli üzvləri mütləq dəvət aldıqları yığmaların düşərgəsinə qatılmalıdı” kimi şərt qoymamışdı. Bildiyiniz kimi, onlar yığmada oynayıb, yenidən klublarına dönəcəkləri halda karantində qalmalıydılar. İlk toplanışa gələ bilmədiklərini görən baş məşqçi sonradan növbəti oyunlara da onları dəvət etmək istəmədi. Həm də De Byazi istədi ki, yerli çempionatda oynayan oyunçuları sınaqdan keçirsin, nəyə qadir olduqlarını üzə çıxarsın.

- 6 oyunda 30 futbolçu millinin formasını geyib. Bundan da belə qənaətə gəlmək olar ki, baş məşqçi hələ komandanın “onurğa sütunu”nu formalışdıra bilmir...
- Millətlər Liqası elə turnirdi ki, hər komanda ondan bir məqsəd üçün istifadə edir. Bu gün premyer-liqada mübarizə aparan 8 komandada özünü yaxşı tərəfdən göstərən yerli futbolçuların, demək olar, heç biri baş məşqçinin diqqətindən kənarda qalmadı. Növbəti tskli düşünüb, indidən bu addımı atmaq lazım idi.Yaşlı, millidə oynamış oyunçuları da dəvət etmək olardı. Ancaq bu bizə nə verəcəkdi? Biz sabahı düşünürük. Türkiyə yığmasına fikir verin. Onlar da Millətlər Liqasında geniş heyətlə çıxış etdilər. Türklər də yeni oyunçuları sınayıb, sabah üçün planlar cızırdılar.

- Biz sabahı fikirləşdiyimiz vaxtda Ermənistan qrup birincisi oldu. Gürcüstan doğma meydanda Şimali Makedoniyanı üstələsəydi, gələn il keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılmaq hüququ qazanacaqdı. İstər maliyyə, istərsə də infrastruktur baxımından hər iki ölkədən irəlidə olsaq da, biz hələ də qrup sonuncusu olmadığımıza şükür edirik. Yığmanın məşqçisi yox, bir mütəxəssis kimi bununla bağlı fikirləriniz bilmək istərdik.
- Birincisi, Ermənistanın əksər futbolçuları legioner həyatı yaşayırlar. Onlar müxtəlif ölkələrin çempionatlarında çıxış edirlər ki, bu da üstünlükdü. İkincisi, hər şey uşaq futbolundan başlayır. Bizdə aşağıdan yuxarı oyunçu gəlmir. Gəlsə də, onların sayı çox-çox azdı. Biz bu problemi həll etməliyk. Bəzən deyirlər ki, biz “cırtdan” ölkələrlə bacarmırıq. Ola bilsin, ərazisi kiçik olduğundan dünya xəritəsində onlar “cırtdan” təsiri bağışlayır, ancaq ölkənin futboluna əraziyə görə qiymət vermirlər. Lüksemburq, Monteneqro, Kiprin heyətində yer alan oyunçuların çıxış etdiyi klubların adlarına baxın və bizimkilərlə müqayisə edin. Onda real durum bəlli olacaq.

- Son günlər Zaur Ramazanov, Mahir Şükürov kimi veteranlar mediaya açıqlamalarında “Millətlər Liqası başa çatsın, yığmaya hansı yolla oyunçu dəvət olunduğunu söləyəcəm” şəklində açıqlamalarla yadda qalıblar. Sizcə, adını çəkdiyimiz veteranlar bununla nə demək istəyirlər? Onlar yığmanın məşqçilər korpusunu, AFFA-nı şantaj edirlər, yoxsa bildikləri nəsə var?
- Əslində mən nə adını çəkdiyiz veteranların, nə də başqalarının söylədiklərinə münasibət bildirmək istəyirəm. Hərə öz düşüncəsinə görə danışır. Siz düz qeyd etdiz,onların dedikləri şantaja oxşayır. Bugünlərdə Azərbaycan tarixi qələbəyə imza atdı. Müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən azad etməklə xalqımızı sevindirdi. Bu nəyin sayəsində oldu? Qələbə qazanmağımızda əsas səbəblərdən biri də 44 günlük müharibədə hamının, kiçikdən böyüyə, 7-dən 77-yə Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi oldu. Hamı bir olanda, eyni nöqtəyə vuranda uğur qazanmaq mümkündü. İndi futbolda da uğur qazanmaq, nailiyyət əldə etmək istəyiriksə, hamı eyni məqsəd uğrunda mübarizə aparmalıdı. Bizdə isə hər şey əksinədi. Bir məğlubiyyət olan kimi sanki himə bənddilər, hərə bir tərəfdən yıxıb-sürüyür. Bir qədər pozitiv olmaq, uğura inanmaq lazımdı. Millidə oynayan futbolçu da bilməlidi ki, bir səhvə görə ondan düşmən obrazı yaratmayacaqlar. Belədə nəyəsə nail ola bilərik (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti