De Byazinin məvacibini artırmaq lazımdır

18 Noyabr 2020 19:00 Milli komanda 1 151
De Byazinin məvacibini artırmaq lazımdır

AFFA-nın birinci vitse-prezidenti, de-fakto prezidenti olan Elxan Məmmədov elə bilir ki, kərtənkələyə motor bağlasan uçar.

Dayanın, Elxan Məmmədova gülməyə tələsməyin. Kərtənkələyə kiminsə motor qoşduğunu görübsünüz, eşidibsiniz?

Yəqin ki, yox. Bəlkə elə həqiqətən uçar, motor bağlasanız? Ona görə də Elxan Məmmədova gülməyin. O, “kərtənkələyə motor bağlasan uçar” ideyasını futbolda tətbiq etdir.

Düzdür, hələ nəticə yoxdur, amma səbir etmək lazımdır. Bəlkə olacaq... Elxan Məmmədov hesab edir ki, futbolçuya nə qədər çox məvacib versən, o, meydanı şumlayacaq, bir o qədər yaxşı oynayacaq.

Elxan Məmmədov hesab edir ki, uşaq futboluna yatırım qoymaq faydasızdır. Uşaqlara futbolun sirlərinin peşəkarlar tərəfindən peşəkar səviyyədə öyrədilməsi mənasızdır, buna yatırılan pul israfçılıqdır.

Elxan Məmmədov hesab edir ki, xaricdən məşqçi gətirsən və onunla milyonluq müqavilə bağlasan, yığmaya dəvət edilən, adı futbolçu olub, özü futbolçu olmayanlar nəticə verəcəklər.

Elə bu fəlsəfəni də əsas götürərək Berti Foqts, Robert Prosineçki kimi əfsanələri Azərbaycana gətirib.

Düzdür, o əfsanələr Azərbaycanda urvatsız hala salınıblar. Amma bir-iki əfsanəvi futbol adamının urvatsız olmasına görə gül kimi ideyadan imtina etmək də olmaz axı.

Elxan Məmmədov bu ideyadan necə imtina etsin ki, qarşısında Rövnəq Abdullayev kimi nümunə var. Deyilənlərə görə, Rövnəq Abdullayev AFFA prezidenti kimi məvacib almır.

Bax, məvacib almadığı üçün də onu ildə bir dəfə AFFA-nın binasına gətirirlər. Niyə gəlsin axı? Adama minimum əməkhaqqı miqdarında da məvacib verilmirsə.

Bəlkə də elə buna görədir ki, Rövnəq Abdullayev bu müddətdə “feyr-pley”lə “pley-off”un fərqini ayırd edə bilməyib. Amma yüksək məvacib alsaydı, bunu dərhal öyrənərdi.

Elxan Məmmədovun bu arqumenti qarşısında susmaqdan başqa əlac yoxdur. De Byazinin məvacibini artırmaq lazımdır, futbolçuların da mükafatını. Axı hardan bilirsiniz ki, kərtənkələyə motor qoysan uçmaz?

NATİQ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular