Milli Lüksemburqa da qalib gələ bilmədi

18 Noyabr 2020 01:40 Milli komanda 699
Milli Lüksemburqa da qalib gələ bilmədi

Azərbaycan yığması UEFA Millətlər Liqasında son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan milli komanda VI tur qarşılaşmasında Lüksemburqun qonağı olub.

"Jozi Bartel" stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 0:0. Hər iki komanda meydana itkilərlə çıxıb. Lüksemburq yığmasında Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxıblar.

Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayıb.

Görüş öncəsi isə meydan sahiblərindən qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeş, qonaqlardan isə kapitan Maksim Medvedevin COVID-19 testi müsbət nəticə verib. Nəticədə onlar da qarşılaşmada iştirak etməyiblər.

İtkilər fonunda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi qapıda Şahruddin Məhəmmədəliyevə, müdafiədə Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Amin Seydiyevə, yarımmüdafiədə Azər Salahlı, kapitan Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəllimova, hücumda isə Mahir Emreli və Ramil Şeydayevə şans verib.

İlk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Bir neçə epizodda Məhəmmədəliyev komandasını qoldan xilas edib. İlk yarının sonlarında Hüseynov zədələnərək, yerini Şəhriyar Əliyevə verib.

Əliyev isə fasilə ərəfəsində kobud oynadığı üçün penaltiyə səbəbkar olub. Xoşbəxtlikdən, Məhəmmədəliyev Danel Sinaninin zərbəsini dəf etməyi bacarıb.

İkinci hissədə qonaqlar fəallığını artırıb. Lakin tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib - 0:0.

Beləliklə, Azərbaycan millisi ardıcıl dördüncü matçından qolsuz heç-heçə ilə ayrılıb. Daha əvvəl bu komanda Kipr və Monteneqro ilə Millətlər Liqasının oyunlarında, Sloveniya ilə isə yoldaşlıq görüşündə 0:0 hesablı nəticə ilə kifayətlənib.

De Byazinin baş məşqçi olduğu kollektiv qrupu 6 xalla 3-cü pillədə başa vurub. Monteneqro 13 xalla 1-ci, Lüksemburq 10 xalla 2-ci, Kipr isə 4 xalla sonuncu olub.

C liqası, 1-ci qrup
17 noyabr

Lüksemburq – Azərbaycan 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya).
Lüksemburq. Joze Bartel stadionu.

Lüksemburq: 12. Ralf Şon, 3. Enes Mahmutoviç, 7. Lars Jerson, 9. Danel Sinani, 11. Vensan Till, 16. Leandro Barreyro, 17. Mikael Pinto, 18. Loran Yans (k), 19. Aldin Skenderoviç, 20. Edvin Muratoviç, 21. Moris Devil.
Ehtiyat oyunçular: 23. Tim Kips, 2. Seid Koraç, 4. Matias Olesen, 6. Florian Bonert, 8. Timote Ropel, 14. Stefano Bensi, 15. Sebastyen Till, 22. Marvin Martins.
Baş məşqçi: Lyuk Holts.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 7. Tellur Mütəllimov, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Musa Qurbanlı, 13. Mert Çelik, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 19. Rəhim Sadıxov, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.

Monteneqro – 10, Lüksemburq – 9, Azərbaycan – 5, Kipr – 4.

Digər Xəbərlər
Xəbər Lenti