"Adətən, baş məşqçilərin işinə nəticələrə görə qiymət verirlər".
Sportinfo.az xəbər verir ki, bu fikirləri millinin keçmiş müdafiəçisi Aslan Kərimov dilə gətirib.
Veteran futbolçu yığmanın baş məşqçisi Canni De Byazinin işini qiymətləndirib. O, avqustdan görəvinin icrasına başlayan italiyalı mütəxəssisin mənfi və müsbət tərəflərinin olduğunu vurğulayıb:
"Əslində, ona yaxşı və ya pis deməyim düzgün olmaz. Çünki De Byazi Albaniya millisi ilə onların tarixində olmayan bir nəticəyə imza atıb.
Yəni, öz üslubu və təcrübəsi var. Bu baxımdan onu Azərbaycan yığmasında çalışmış digər mütəxəssislərdən fərqləndirmək olar.
Oyun üslubunu saxlamağa çalışan, müdafiəmeylli oyuna üstünlük verən, matçın içində aqressivliyi xoşlayan baş məşqçidir. Azərbaycanda milliyə çağırmadığı oyunçu qalmayıb.
Ən azından onu ittiham edə bilməyəcəklər ki, niyə filan futbolçuya dəvət göndərməmisən. De Byazinin bəlkə də zəif tərəfi oyunçuları tam yaxından tanıya bilməməsidir.
Çünki digərlərindən fərqli, Azərbaycana gəldiyi andan komandanı oyunlara çıxardı. Bunu baş məşqçi üçün bir qədər bəxtsizlik də adlandırmaq olar".

