"Tələsən yerimiz yoxdur, yaxşı işlər yavaş-yavaş görülür” – Erkin Qədirli, millət vəkili.
Bu ilin fevralında Milli Məclisə mandat qazanan Erkin Qədirli yuxarıda xatırlatdığım kəlmələri işlədəndə çoxumuz ona gülürdük. Adam uzaqgörən imiş. Belə olmasaydı, aylar sonra millimizin italyan baş məşqçi Canni De Byazi Qədirlinin "taktikasına” baş vurmazdı. Byazi gələn il 65 yaşını tamamlayacaq, Azərbaycana gələnə qədər uzun müddət məşqçi kimi çalışıb. Dünyanın gedişatından xəbərdardı. AFFA-yla anlaşan kimi başa düşdü ki, Azərbaycana futbol yox, onun inkişafı haqda imitasiyalar lazımdı. Ona görə də işdən sözə keçdi, güc verdi dilinə. Salla başı, al maaşı, sinyor De Byazi. Nə Foqtsdan əskik oğlansan, nə də Prosineçkidən.
İtaliyalı mütəxəssis Monteneqro ilə oyundan əvvəl eynən belə demişdi: "Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdır. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq”. Eyni ilə Erkin Qədirli kimi, De Byazi də yaxşı işləri yavaş-yavaş görmək fikrindədi. Amma necə, neçə ildən sonra? Biz də bilirik ki, futbolun inkişafı uzunmüddətli prosesdi, bunun üçün illər lazımdı. Həm də çoxlu pul. De Byazinin işbirliyində olduğu Elxan Məmmədov və onun dəstəsinin ixtiyarında yetərincə zaman da olub, pul da. Həmin pulları göyə sovurub, ordan ciblərinə doldurublar. Zamanı isə boşa veriblər. Puldan və zamandan faydalanan adamlar 15 ildi əcnəbi və vaxtı keçmiş məşqçilərin ətəyindən yapışmaz, bölgə futbolunu məhv etməzdilər. Tovuzda, Lənkəranda, Gəncədə, Qusarda, Salyanda futbol olmayınca, uşaq akademiyaları fəaliyyət göstərməyincə, Azərbaycanda futbol olmayacaq. Millimizin də qazandığı "uğur” elə bu cür mənasız və qolsuz heç-heçələr olacaq. De Byazi gedəcək, yerinə lap elə Ziko, yaxud Qvradiola gələcək, dəyişən nəsə olmayacaq. AFFA dəyişməlidi, onun idarəçiləri və onların futbola baxışı dəyişməlidi. Vəssalam. İllərdi deyirəm, yenə də dedim. Yazın bir yerə.
Benito Karbone, Klaudio Beluççi, Alessandro Skaya, Federiko Turitsiani – bu dörd italyanı Canni De Byazi özüylə birlikdə gətirib. Bunun adı italyanların Bakıya işgüzar və bahalı səfəridi. Federiko Turitsianinin işinin maraqlı adı da var, adam videoanalitik imiş. Bahooo, meydana az qala 10 müdafiəçi ilə çıxan komandamızın videoanalitikə də ehtiyacı varmış. Sən rəqibin qapısına düz-əməlli zərbə vura bilmirsənsə, onun oyunun 100 dəfə analiz etsən nəyə yarayar? Sanki kənddə oğlu subay olan analar toy kassetindən özünə gəlin axtarır. Belə analizi etmək üçün Azərbaycanda mütəxəssis istədiyin qədərdi. AFFA-nın, daha doğrusu Elxan Məmmədov marağında olsa, yerlilərdən kiməsə iş tapşırardı. Onların azərbaycanlılara münasibətini Qurban Qurbanovun milliyə baş məşqçi təyinatı zamanı gördük. De Byazinin indi istədiyi zamanı Qurbanova verəndə nə olacaqdı? Hə, sizin cibiniz boş qalacaqdı.
Monteneqrolu futbolçu Andriya Draqoyeviç onlara 0:2 hesabıyla uduzduğumuz oyundan sonra təxribatçı paylaşım etmiş, ermənilərə dəstək göstərmişdi.
Çox arzulayırdım ki, bizimkilər onun cavabını meydanda versin, Montenoqronu heç olmasa, minimal hesabla məğlub etsinlər. Ondan sonra da qələbə qəhrəman Azərbaycan əsgərinə həsr olunsun.
Çox təəssüf ki, bacarmadıq. Elə həmin oyunu da saysaq, millimiz ardıcıl 4 oyundu ki, qol vura bilmir. Təsəvvür edirsiz? Qol vurmağı bacarmayan millinin başında beş italyan mütəxəssis oturub. Qol vurmuruq, qələbə qazanmırıq, amma onlar qazanırlar. Ağırdı, çox ağır (azerforum.com)...

