“Rəqabət sistemi belədir, məqsədə çatmaq üçün hansı nəticəni əldə edəcəyini heç vaxt planlaşdıra bilməzsən”.
Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının yarımmüdafiəçisi Marko Bakiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
27 yaşlı orta sahə oyunçusu qolsuz bərabərliyi özləri üçün uğur hesab edib. Çünki bu nəticə ilə komanda qrupda 1-ci pilləyə yüksəlib:
“Matçın gedişində məşqçi korpusu ilə danışaraq Kiprdəki vəziyyəti öyrəndik, oyunumuzu buna uyğun qurduq. Meydanda nə edəcəyimizi bilirdik.
Əsas məsələ 0:0 hesabını qorumaq idi. Qələbəni düşünməyə ehtiyac yox idi. İndi son turda Kipr üzərində qalibiyyətdən başqa yolumuz olmayacaq”.

