Bu həftə Millətlər Liqasında qrup mərhələsinin son oyunları start götürəcək.
Sportinfo.az xəbər verir ki, altı günü əhatə edəcək iki tur əksər yığmaların, o cümlədən Azərbaycan millisinin taleyinə aydınlıq gətirəcək.
C liqasının 1-ci qrupunda mübarizə aparan yığmamız hazırda 4 xalla 3-cü sırada qərarlaşıb. Son iki tur Canni de Byazinin yetirmələrini 1-ci pilləyə də daşıya bilər, sonuncu da edə bilər.
Bir sözlə, komandamız öz qrupunda ən yaxşı olmaq, bununla da daha güclülərin yer aldığı B liqasına yüksəlmək şansını qoruyur. Amma millinin taleyi öz əlində deyil.
Noyabrın 14-də Monteneqronu Xorvatiyada qəbul edəcək, üç gün sonra Lüksemburqda bu ölkənin yığmasının qonağı olacaq yığma hər iki rəqibi mütləq məğlubiyyətə uğratmalıdır. Futbolçularımız hərəyə 9 xal toplayan rəqiblərdən çox geri qaldığı üçün itirmək hüququ yoxdur.
Çünki itiriləcək 1 xal da B liqası ümidinin üstündən xətt çəkəcək. Hər iki qarşılaşmada qazanılacaq qələbə yığmamızın xal hesabını 10-a çatdıracaq və birincilik xəyalına yaxın olacaq.
Ancaq iki qələbə də milliyə kifayət etməyə bilər. Taleyi əlində olmayan komandamız Kiprin də uğur qazanacağına bel bağlamalıdır.
Millimiz bu şərtlərdə qrup qalibi olaraq B liqasına yüksələcək:
1) Yığmamız 2 qələbə qazanır. Kipr də noyabrın 14-də Lüksemburqu, 17-də Monteneqronu məğlub edir.
2) Millimiz 2 qələbə qazanır. Monteneqro ilə qarşılaşmada 3 və ya daha çox top fərqi qeydə alınır. Əgər 2:0 hesabı olsa, digər matçda da millimiz 2 və ya daha çox top fərqilə qələbə qazanır. Kipr Lüksemburqa qalib gəlir, Monteneqro ilə heç-heçə edir.
3) Millimiz iki qələbə qazanır. Lüksemburqla görüşdə ən azı 2 top fərqi qeydə alınır, və ya minimal fərq 3 və ya daha çox qol vurmaqla gerçəkləşir. 2:1 hesablı qələbə olarsa, Monteneqroya ən azı 3 və ya daha çox top fərqi ilə qalib gəlmək lazımdır. Kipr Lüksemburqla heç-heçə edir, Monteneqroya qalib gəlir.
4) Millimiz 2 qələbə qazanır. Digər iki görüş heç-heçə başa çatır. Yığmamız bu iki matçda ümumilikdə ən azı 4 top fərqi əldə etməlidir. Bunun da ikisi Monteneqro ilə görüşə təsadüf etməlidir (apasport.az).

