“Belə günlərdə bizə futbolda da uğur lazımdır“

12 Noyabr 2020 20:00 Milli komanda 662
“Belə günlərdə bizə futbolda da uğur lazımdır“

“Birinci hissədə meydana çıxan 11 nəfəri çox istəkli gördüm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin keçmiş futbolçusu Ramiz Məmmədov deyib.

Azərbaycan yığması dünən növbəti oyununu keçirib. Canni de Byazinin baş məşqçisi olduğu komandamız Sloveniya ilə yoldaşlıq görüşünə çıxıb.

Lyublyananın “Stoyitse” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb. Bu, komandamızın 2020-ci ildə ilk yoxlama oyunu olub.

“Pro“ kateqoriyalı mütəxəssis futbolçularımızın mübarizə əzmini Ordumuzun Qarabağda əldə etdiyi tarixi qələbə ilə əlaqələndirib: “Düşünürəm ki, mənfur düşmən üzərindəki qələbədən sonra uşaqlarda istək və əhval-ruhiyyə daha çox idi.

Oyuna sanki döyüş əhval-ruhiyyəsində çıxmışdılar. İkinci hissədə meydana çıxanlar da ilk hissədə mübarizə aparanlardan, deyərdim, geri qalmırdılar.

Elvin Bədəlov, Tellur Mütəllibov, İsmayıl İbrahımlı, Amil Seydiyev yaxşı təsir bağışladılar. Özlərini doğrultdular. Vüsal İsgəndərlinin meydana çıxması normal alındı. Azər Salahlı sona kimi yaxşı mübarizə apardı.

Bütün xalqımızın mənfur düşmənə qarşı birliyini, arxa cəbhənin bir amal uğrunda birliyini milli komandada da hiss etdim. De Byazi çox fərqli bir heyət yığmışdı.

Yoxlanış üçün optimal heyət olmasa da, ümumilikdə, pis təsir bağışlamadılar. De Byazinin bu oyun üçün çağırdığı əksər futbolçulara şans verdiyi üçün ona “sağ ol“ düşür.

Bu çətin günlərdə, döyüş günlərində də De Byazi Azərbaycan xalqının yanında oldu. Şəxsən buna görə ona da böyük “sağ ol“ düşür. Arzu edirəm ki, qarşıdakı rəsmi oyunda da yaxşı nəticə əldə edər.

Belə günlərdə bizə futbolda da uğur lazımdır. Qrupumuzda çox çətin vəziyyətdir. Amma ordumuzun ermənilər üzərində möhtəşəm zəfərindən sonra mənə elə gəlir ki, futbolda da uğura imza atmaq olar.

İçimizdə olan istək, türkçülüyümüz buna yol verir. Azərbaycanlılar nəinki döyüş meydanında, həm də futbol meydanında döyüşkənliyini göstərə bilər. Uğurlar arzu edirəm.

Yeni uşaqlardan Musa Qurbanlını da qeyd edirəm. Ona da uğurlar arzu edirəm. Cavandır, bir az həyəcanlı görsəndi. Bu da təbiidir. Gələcəkdə Avropa Liqasında, ölkə çempionatında təcrübə yığar və milliyə öz faydasını verər.

Vuqar Mustafayev də pis təsir bağışlamadı. Bunu da qeyd etməyi özümə borc bilirəm. Ən azından, bütün futbolçularımız istəkli idi.

Bir məqamı da qeyd edərdim ki, komandanın fiziki hazırlığı pis görünmədi. Topu özümüzdə saxlamağımız az oldu. Daha çox Sloveniya komandası topa sahib idi.

De Byazi bunun üzərində bir az da artıq işləsə, yerinə düşər. Çünki futbol təkcə qaçmaqdan, rəqibin arxcasınca getməkdən ibarət deyil. Qələbə qazanmağıın əsas yollarından biri də top saxlamaqdır, oyunu idarə etməkdir.

Müdafiə haqqında daha çox düşünüb, əks hücumda oynamaq istəyirdik. Cinah futbolçularımız da yaxşı təsir bağışladı“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti