"Açığı, onların dəvət olunmamasının səbəbini tam olaraq bilmirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri yığmanın sabiq müdafiəçisi Aslan Kərimov dilə gətirib.
O, Canni De Byazinin gəlişindən sonra Dmitri Nazarov, Eddi İsrafilov, Rüfət Dadaşov, Riçard Almeyda kimi legioner futbolçuların milliyə çağırılmamasına münasibət bildirib.
Veteran futbolçu bunu hazırkı baş məşqçinin fərqli cəhəti kimi təqdim edib: "Yalnız şayiələr gəzir ki, pandemiyadan öncə həmin futbolçulara zəng vurublar, amma gəlməyiblər.
Bəlkə də başqa səbəblər var idi. Məndə bu barədə məlumat yoxdur. Amma oyunçu naz edirsə, gəlməmək üçün hansısa şərt qoyursa, onda De Byazinin addımı tam doğrudur.
Həmin legioner gəlsəydi, nə dəyişəcəkdi ki?! Bəlkə hər hansı oyunda performansımız yüksək olacaqdı. Lakin belədə hansısa gənc futbolçunu qazandıq.
Milli komanda səviyyəsində kiminsə nazı ilə oynamaq düzgün deyil. İstəsəydilər, gələ bilərdilər. Kimsə milli komandanın maraqlarını düşünmür və öz mənafeyini güdürsə, onu çağırmağın mənası yoxdur".

