“Koronavirusla bağlı problemlər, eyni zamanda bəzi zədəlilərimiz var“.
Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç deyib.
Noyabrın 11-də Podqoritsada Qazaxıstanla yoxlama oyunu keçirəcək Monteneqro üç gün sonra Millətlər Liqası çərçivəsində Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq, ayın 17-də isə Podqoritsada Kipri sınağa çəkəcək.
Təcrübəli mütəxəssis heyətə 25 oyunçu dəvət etməsinə baxmayaraq, bəzi dəyişikliklər olunacağını istisna etməyib:
”Siyahını, yəqin ki, dəyişdirəcəyik. İndi dəqiq deyə bilmərəm, amma yarımmüdafiəçi Nikola Vukçeviçin kollektivdən ayrı qalmaq ehtimalı var. Koronavirusa yoluxan 2-3 futbolçumuzla bağlı yekun nəticəni biləcəyik.
Epidemiya hər kəsə ziyan vurdu. Vəziyyətə uyğunlaşmalı və diqqətli olmalıyıq. Təəssüf ki, bu virus bizdən güclüdür.
Kimin heyətə cəlb ediləcəyi tam tibbi hesabatdan sonra bilinəcək. Çox güman ki, komandaya daxili çempionatdan oyunçular əlavə edəcəyik”.

