"Oyuna yaxşı başladıq, baxımlı qol vurduq. Bundan sonra daha diqqətli olmalı idik".
bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Bu məğlubiyyətdən sonra Monteneqro millisi liderliyi əldən verib. Bosniya və herseqovinalı mütəxəssis bildirib ki, rəqibi ciddiyə alsalar da, sonda məğlub olublar:
"Qoy, hamı mənə təzyiq göstərsin. Amma biz inamlı mübarizə apardıq. Belə oyunla daha yaxşı nəticəyə layiq idik. Sadəcə, buraxılan qollara mane ola bilmədik".
63 yaşlı baş məşqçi artıq pley-offa vəsiqənin taleyinin onlardan asılı olmadığını söyləyib: "Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik. Qrupda Azərbaycan və Kiprlə oyunlarımız qalıb. Hər iki matçda qalib gəlib, Lüksemburqun xal itirməsini gözləyəcəyik".