Azərbaycanda futbolla xudahafizləşəkmi? - Kipr rüsvayçılığına sərt reaksiyalar

15 Oktyabr 2020 19:45 Milli komanda 1 511
Azərbaycanda futbolla xudahafizləşəkmi? - Kipr rüsvayçılığına sərt reaksiyalar

UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində keçirilən Azərbaycan-Kipr oyunu heç-heçə başa çatıb.

Halbuki hər kəs milli komandamızdan qələbə gözləyirdi. Bu da səbəbsiz deyildi. Çünki millimiz bu oyuna qədər qrupunda bir dəfə qələbə qazanmış, iki dəfə məğlub olmuşdu. Qələbəsini isə məhz Kipr üzərində əldə etmişdi.

Futbolçularımızın bu oyunda bir neçə qol vəziyyətindən yararlana bilməməsi, üstəlik, penaltini boşa qaçırması ciddi narazılıq doğurub. Vətən müharibəsinin getdiyi bir vaxtda hər sahədə qələbəyə ehtiyacımız olduğu halda millinin üzvləri bunu xalqımıza bəxş edə bilmədilər.

İndiyə qədər Azərbaycan milli komandasının ciddi uğura imza ata bilməməsi son oyundakı nəticə ilə bir daha gündəmə gəlib. Artıq sərt tələblər səslənməyə başlayıb.

Onların içərisində bu idman sahəsini ümumiyyətlə, ölkəmizdə qapatmaq tələbi də yer alır. Külli miqdarda vəsaitin boşuna xərcləndiyi qeyd olunur.

Xalid Kazımlı: “Çempionluğa oynayan futbol komandaları formalaşdıracağımıza inanıram”

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı hər şeyə rəğmən ümidlidir: “Kipr millisi ilə Azərbaycan millisinin oyununa baxandan sonra istənilən futbol azarkeşində məhz bu fikir yarana bilər ki, biz bu işi birdəfəlik buraxaq, yaxşı bacardığımız idman növləri ilə məşğul olaq. Ona görə ki, bir peşəkar komanda bir oyunda 5 yüzdəyüz qol vəziyyətini əldən verməz. 2-3 metr məsafədən topu yeddi metr eni olan qapıdan keçirməmək nə deməkdir... Hələ penaltini qaçırmaq... Özü də Vətənin bu ağır günlərində, hamının bütün sahələr üzrə qələbə gözlədiyi bir vaxtda... Amma düşünürəm ki, milli futbolumuzu qapatmaq fikirləri acıqdan doğan, özünəməxsus və emosional təpkidir. Əslində biz israrla hazırlaşmalı, güclənməli, inkişaf etməliyik. Uğurlu müharibə aparmaq üçün uzun illər ordu qurduğumuz kimi, bir vaxtlar çempionluğa oynayan futbol komandaları formalaşdıracağımıza da inanıram”.

Kənan Məstəliyev: “Futbolumuzun xilasa, xilaskara ehtiyacı var”

“Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev futbolçularımızın bu oyunda pis oynamadığını düşünür: “Ölkə futbolunun səviyyəsinin aşağı olması heç kimə sirr deyil. Bu barədə yüzlərlə, minlərlə kəs danışılıb, deyilib, fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Amma ya qulaq asılmayıb, ya da qulaq asanlar səriştəsiz olublar. Amma son matç ölçü meyarı deyil. Milli komanda uzun illərdi belə oynayır, sadəcə, bu qədər diqqət mərkəzində olmayıblar deyə belə rezonans doğurur. Düzü, son oyunda yığmanın Kiprə qarşı pis oynamadığını düşünürəm. İstək də vardı, mübarizə də, oyun da. Sadəcə, qol çatışmırdı ki, o da bəxtsizlik ucbatından belə oldu. Hətta penaltini də qaçırdıq. Şeydayev bir mövsümlük qol epizodlarını bir matçda boş verdi. Rəqib heç çərçivəyə bir zərbə belə vura bilmədi, ancaq müdafiə olundu. Hər halda, bu bir bəhanə olmamalıdır. Kipr üzərində qələbə qazanılmalıydı və bu işin öhdəsindən gəlinmədi. Baş məşqçi Canni De Byazi Azərbaycana gəlişində hər imkanda ”bura nəticə qazanmağa gəlmişəm" sözlərini işlədirdi. Necə deyərlər, “avazın yaxşı gəlir, oxuduğun Quran ola”. İtalyan mütəxəssisə hörmətim var, amma dediyini yerinə yetirə bilmədi. Bunun cavabını və hesabatını verməlidir.

O ki qaldı ölkədəki futbola, yenə də qeyd etməliyik: islahatlar lazımdı. Hazırkı rəhbərlikdə postunda 10 ildən çox oturan, heç bir uğura nail olmayan, işi ilə fərqlənə bilməyən insanlar var. Onların dəyişilməsi, ümumilikdə futbolumuza baxış bucağının yenilənməsi gərəklidir. Futbol məcburi şəkildə bölgələrə yayılmalıdır, uşaq futbolunda təminat problemləri həll edilməlidir, idarəetmədə isə yeni struktur və mexanizm dəyişikliklərinə gedilməlidir. Bu sistem çürüyüb, işləkliyini çoxdan itirib. AFFA-da ciddi islahatlar olmayınca, biz bir yox, onlarla kiprlərə, lüksemburqlara, andorralara uduza-uduza gedəcək, onsuzda xırda olan nüfuzumuzu itirəcəyik. Uçurumun kənarındayıq. Kiçik bir toxunuş gərəklidir ki, yıxılıb məhv olaq. Futbolumuzun xilasa, xilaskara ehtiyacı var".

Natiq Muxtarlı: “Azərbaycan futbolunu bu günə salanlar idarəçilikdən uzaqlaşdırılmalıdır”

Sportinfo.az saytının tanınmışyazarı Natiq Muxtarlı kifayət qədər sərt danışdı: “Azərbaycan futbolunun potensialı budur. Bu potensialla ara-sıra təsadüfi qələbələr qazanmaq mümkündür.

Azərbaycan futbolunun potensialı niyə bundan artığına sahib deyil? Ona görə ki, Azərbaycanda futbolçu yetişdirilmir, futbolun inkişafı kimsəni düşündürmür.

”Futbolu qapadaq" demək yanlışdır. Bunun çox sadə çıxış yolu var. Azərbaycan futbolunu bu günə salanlar idarəçilikdən uzaqlaşdırılmalıdır. Onlar bu vaxta qədər törədikləri cinayətlərə, maxinasiyalara görə cavab verməlidirlər.

Az qala yalvardıq ki, xaricdən məşqçilər gətirməyə, onlara ildə 5 milyon avro xərcləməyə ehtiyac yoxdur, uşaq futboluna investisiya yatırın, infrastruktur qurun. Amma eşitmədilər, öz bildiklərini etdilər.

Deməli, maraqları bunu tələb edir. AFFA rəhbərliyi üçün “Azərbaycanın marağı” anlayışı yoxdur. Nə qədər ki, bu şəxslər futbol təsərrüfatına rəhbərlik edirlər, biz belə rəzilliklərlə çox üz-üzə qalacağıq.

Ona görə də, futbolu qapatmaq yox, futbolun inkişafı yolunda mane olanlardan xilas olmalıyıq. AFFA-da korrupsiya əməliyyatı aparılmalıdır. FİFA və UEFA-da korrupsiya əməliyyatı aparıldıqdan sonra bütün ölkələrin federasiya rəhbərləri dəyişdi, təkcə Azərbaycandan savayı.

Təsəvvür edirsiniz, bizi ölkəni rəzil duruma salan o futbolçuların aylıq məvacibi 15-20 min manatdır. Amma səngərdə olan general cəmisi 2 min manat məvacib alır.

Kim verir bu futbolçulara bu qədər pulu? Hardandır o vəsait? Dövlətindir. Müharibə apardığımız bir dönəmdə dövlətin vəsaitini bu şəklidə israf etmək nədir?

Dövlət o pulu ayırır ki, futbolun inkişafına dəstək olsun. Amma AFFA rəhbərliyi o vəsaiti 20-30 futbolçunun arasında bölür. Bizim “rəzillik” dediyimiz Kiprlə heç-heçəyə görə o futbolçuların hərəsinə 8 min manat mükafat veriləcək. Bu generalın 4 aylıq əmək haqqıdır.

Güman edirik ki, torpaqlarımızı işğaldan azad etdikdən sonra bu kimi məsələlər də həllini tapar, Azərbaycan futbolunu rəzil duruma salanlar layiqli cəzalarını alarlar".

Digər Xəbərlər
Xəbər Lenti