Milətlər Liqasının 4-cü turunda sabah Albaniyada Kiprlə qarşılaşacaq millimiz Tiranada məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki, hazırlıq prosesi güclü yağış altında keçib.
“Monteneqro millisi ilə oyunda öz səhvlərimizdən qapımızda qollar gördük və nəticədə məğlub olduq” - baş məşqçi Canni de Byazi görüş barədə fikirlərini açıqlayıb:
“Çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq. Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub.
Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin digər zədəli futbolçularımız - Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı müayinədən sonra məlum olacaq.
Heyətdəki dəyişikliyə gəlincə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksimin yerinə isə Azər Salahlı oynayacaq. Oyun sistemində hər hansı dəyişiklik olmayacaq.
Kipr və Monteneqroya qarşı necə oynamışdıqsa, yenə eyni sistemdə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac olarsa, taktiki gedişlərdə dəyişiklik edəcəyik”.

