2015-ci ildən Azərbaycan millisində çıxış edən Eddi İsrafilov bir daha bu formanı geyinməyəcək.
Sportinfo.az-ın məlumatına görə, bu, AFFA rəhbərliyinin son qərarıdır.
Federasiya rəhbərliyi yığmanın "qapılarının" Eddinin üzünə birdəfəlik bağlanması barədə baş məşqçi Canni De Byaziyə də məlumat verib.
İtalyan çalışdırıcı verilən qərara tərəfdar olduğunu, İsrafilov kimi "gəlmələlərin" komandanın ruhunu korladığını bildirib. O, qeyd elib ki, ümumiyyətlə, Azərbaycana bağlılığı olmayan istənilən futbolçunu millidən kənarlaşdırmaq lazımdır.
Eddi sonuncu dəfə yığmanın formasını ötən ilin payızında geyinib. Slovakiya səfərindən öncə düşərgədə qalmaqala səbəb olub, Ramil Şeydayev və Qara Qarayevlə mübahisə edib.
Bugünlərdə isə hər bir azərbaycanlının qəlbinə toxunan hərəkəti ilə gündəmə gəlib.
Belə ki, futbolçunun anası oğlunun ermənilərin Azərbaycana qarşı insanlığa yaraşmayan təxribatlara yol verməsinə, torpaqlarımıza hücum etməsinə səssiz qalmasına, sosial şəbəkədə bununla bağlı mövqe bildirməməsinə haqq qazandırıb.

